Azərbaycanda avtomobillərin texniki baxışdan keçirilməsi üçün müddətin iyul ayının sonunda başa çatması icbari sığortalanan maşınların sayını kəskin artırıb. Xatırladaq ki, qanunla icbari sığortası olmayan nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə icazə verilmir. Buna görə də, ötən ay sürücülərin sığorta şirkətlərinə ciddi axını baş verib.
İcbari Sığorta Bürosundan verilən məlumata görə, iyulda 99307 avtomobil icbari qaydada sığorta edilib. Bu, iyun ayı ilə müqayisədə 29867 avtomobil və yaxud 43% çoxdur. İcbari sığortalanmış avtomobillərin 21400-nü xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib.
Ötən ay bağlanmış icbari sığorta müqavilələri üzrə toplanmış sığorta haqlarının məbləği 7,8 milyon manatdan çox olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,85% çoxdur. Sığorta müqavilələrinin sayı isə 36,7% artıb.
Ümumilikdə isə bu ilin yanvar-iyul aylarında avtomobillərin icbari sığortası üzrə 515,7 mindən çox müqavilə bağlanılıb və 38,07 milyon manat sığorta haqqı toplanılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə müqavilələrin sayı 0,86%, daxilolmaların məbləği isə 0,53% artıb.
İyul ayında orta sığorta haqqı 79,26 manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2,34 manat çoxdur.
Mənbə: fins.az