“Bakı Sığorta” şirkəti avtomobil sahiblərinə maraqli kasko sığorta məhsulu təqdim edib. Şirkətdən verilən məlumata görə, bu məhsul sürücünün günahından baş verməyən hadisələrdən sığortanı təmin edir. Məsələn, digər şəxslərin müştərinin avtomobilinə yol-nəqliyyat hadisələri zamanı vurduğu zərərlər, atılmış, dəymiş və düşmüş əşyaların vurduğu zərərlər, heyvanların hərəkəti, yanğın və partlayış, təbii fəlakətlər, oğurluq, quldurluq, qaçırma, soyğunçuluq və üçüncü şəxslərin qanunazidd hərəkətləri və s. Hadisə sürücünün günahı üzündən baş verdikdə isə sığorta işə düşmür.
Şirkətdən bildirilib ki, “Mən Günahkar Deyiləm” layihəsi təcrübəli, öz sürücülük qabiliyyətinə güvənən, avtomobilini idarə etdiyi müddət ərzində yol-nəqliyyat hadisəsi törətməyən sürücülər üçün nəzərdə tutulub.
Bu məhsul üzrə sığorta tarifi sığorta məbləğinin 1%-i qədərdir. Məsələn, dəyəri 20 000 manat olan avtomobilin “Mən Günahkar Deyiləm” layihəsi üzrə 1 illik sığorta haqqı 200 manat təşkil edəcək. Bu məhsuldan bazar dəyəri 7-30 min manat olan avtomobillərin sahibi istifadə edə biləcək.
"Bakı Sığorta"dan bildirilib ki, bu məhsul bankda kreditdə olan avtomobillərə aid deyil. Həmçinin taksi, rentakar, yükdaşıma xidmətləri göstərən maşınlar da bu məhsuldan istifadə edə bilməyəcək. Eyni zamanda bu məhsul 21 yaşdan yuxarı sürücülər üçün nəzərdə tutulur. Ödənişdən yalnız bir halda - günah hadisə törədən sürücüdə olarsa imtina edilə bilər. Digər bütün hallarda ödənişlər müqavilədə nəzərdə tutulduğu qaydada verilir. Azadolma məbləği yoxdur, yəni dəymiş ən kiçik zərərə görə də kompensasiya ödənilir.
Mənbə: fins.az