Bankda necə hesab aça bilərəm? | Banco.az

Bankda necə hesab aça bilərəm?

Bankda hesabı olmayan, pulunu qoymağa yer tapmayan və bank hesabına ehtiyac duyan hər bir şəxsi   “Bankda nece hesab açdıra bilərəm?” sualı yəqin ki, maraqlandırır.

İlk öncə “bank hesabı nədir və nə kimi əhəmiyyətlidir? sualına aydınlıq gətirək. Bank hesabı hər bir şəxsin hesabına daxil olan pul vəsaiti ilə ölkənin bank qanunvericiliyində nəzərdə tutulan istənilən ölkədaxili, ölkəxarici və nağdsız köçürmə əməliyyatlarını asanlıqla yerinə yetirə bilməsi üçün bir növ vasitəçidir. Eyni zamanda, bank hesabınız olduğu zaman siz maliyyə xidmətlərini daha rahat şəkildə həyata keçirmək imkanına malik olacaqsınız.

Hesab sahibi istənilən bankı seçməkdə müstəqildir. Müştərilər bir və ya bir neçə bankda hesab açdıra bilərlər. Bank hesablarının açılması üçün müraciət edən şəxslərin ərizələrinə baxılması proseduru hər bir bankın özünün daxili qaydaları ilə müəyyən edilir. Şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə siz hesab açdırmaq istədiyiniz bankın müştərisi ola bilərsiniz.

Bəs bank hesabı açdırmaq üçün banklar bizdən nələr istəyirlər?

Bunun üçün ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim olunur:

  • şəxsiyyətini təsdiq edən sənəd (sənəddəki məlumatlar imza nümunəsi vərəqəsində göstərilənlərə uyğunluğu yoxlanılır, bankda saxlanılması üçün sənədin surəti çıxarılır və sənəd geri qaytarılır);
  • imza nümunəsi vərəqəsi.

Lakin bir sıra hallarda bank hesab müqaviləsinin bağlanmasından imtina edə biləı:

  • müvafiq bank hesabının açılması üçün sənədlər tam təqdim edilmədikdə;
  • təqdim edilmiş sənədlərdə qeyri-dürüst məlumatlar olduqda;
  • müştərilərin xidmətə qəbul olunmasına bankın imkanı olmadıqda və ya buna qanunla, yaxud başqa hüquqi aktlarla yol verilmədikdə

Hesabın açılmasından bank imtina etdikdə bank hesabının açılması üçün təqdim etdiyiniz sənədlər sizin özünüzə geri qaytarılır, sənədlərin surətləri isə bankda saxlanılır. Ərizə verən şəxs ola bilsin ki, imtinanın səbəbləri barədə öyrənmək istəsin. Belə olduqda ona yazılı surətdə bu barədə məlumat verilir.

Ən sərfəli kredit üçün müraciət et

QEYDFiziki şəxsin adı, atasının adı və soyadı dəyişərsə, bank hesabı yenidən rəsmiləşdirməlidir.

Bank hesabını necə bağlamaq olar?

Əgər bank hesabınız varsa və bunu hər hansı bir səbəbdən ləğv etdirmək istəyirsinizsə, banka ərizə ilə müraciət etməlisiniz. Bəzi hallarda isə bank özü hesabı ləğv edə bilər. Əgər müqavilədə belə bir qayda əks olunmayıbsa, onda bank məhkəməyə müraciət edir. Bu aşağıdakı hallarda baş verə bilər:

-müştərinin hesabında saxlanan pul vəsaitinin məbləği bank qaydaları və ya müqavilə ilə nəzərdə tutulmuş miqdardan az olduqda, bir şərtlə ki, belə məbləğ bankın bu barədə xəbərdarlıq etdiyi gündən bir ay ərzində bərpa edilməmiş olsun;

-bir il ərzində həmin hesab üzrə əməliyyatlar aparılmadıqda.

Hesabdakı pul vəsaitinin qalığı müştəriyə verilir və ya müştərinin göstərişi ilə onun müvafiq yazılı ərizəsinin alındığı gündən ən geci yeddi gün keçənədək başqa hesaba köçürülür.

Hesabın qalığı müştəri tərəfindən geri alınmadıqda və ya vəsaitin köçürülməli olan yeni hesab banka bildirilmədikdə, həmin vəsait “Digər debitorlar və kreditorlar” adlı hesaba köçürülür və müştəriyə bu barədə məlumat verilir.

Könül  Xudiyeva / Banco.az