Azərbaycanın sığorta bazarı 7,1 % artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı 28 sığorta şirkətinin xətti ilə təxminən 212 milyon manat sığorta haqqı toplanıb. Bu barədə bugün Azərbaycan Sığortaçılar Assosiasiyasında keçirilən mətbuat konfransında məlumat verilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14 milyon manat və ya 7,1% çoxdur.
2014-cü ilin ilk 6 ayında sığorta şirkətlərinin həyata keçirdiyi sığorta ödənişlərinin məbləği isə 65,4 milyon manat təşkil edib. Bu da 2013-cü ilin eyni dövrünə nisbətən 7,3 milyon manat və ya 12,6% çoxdur.
Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 30,9 manat ödəniş həyata keçirilib. Bu göstərici ötən ilin yanvar-iyun aylarında 29,3 manat olub.
Həyat sığortası bazarı 53% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda toplanan sığorta haqlarının 26,4%-i və ya 56 milyon manatı həyat sığortası üzrə yığımların payına düşüb. Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramovun sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə, həyat sığortası bazarı 19,5 milyon manat və ya təxminən 53% böyüyüb.
“Gələcəkdə həyat sığortasının bazardakı payı 30-35% olacaq. Çünki həyat sığortasına maraq getdikcə artır. Bu növ sığortanın ən böyük üstünlüyü qoyulmuş pulun istənilən halda qayıtmasıdır. Hadisə olsa da, olmasa da, bu, əhalini maraqlandıran əsas məsələdir” – deyə Orxan Bayramov bildirib.
Həyat sığortası üzrə yığımların 51,85% və ya 29,1 milyon manatı həyatın yaşam sığortasının, 33,7%-i və ya 18,9 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 14,3%-i və ya 8 milyon manatı həyatın ölüm halından sığortasının, cəmi 85 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.
2014-cü ilin ilk 6 ayında həyat sığortası üzrə həyata keçirilmiş sığorta ödənişlərinin məbləği isə 3,5 milyon manat təşkil edib. Bu da ümumi ödənişlərin 5,3%-ni təşkil etməklə 2013-cü ilin eyni dövrünə nisbətən 1,5 milyon manat və ya təxminən 76% çoxdur.
Həyat sığortası üzrə ödənişlərin 55,3%-i və ya 1,93 milyon manatı həyatın yaşam sığortasının, 32,6%-i və ya 1,14 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 11,8%-i və ya 411 min manatı həyatın ölüm halından sığortasının, cəmi 12500 manatı isə sağalmaz xəstəliklərlə bağlı sığortanın payına düşüb. Yeri gəlmişkən, sonuncu növ üzrə ödəniş ilk dəfə ötən ay keçirilib.
Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 6,24 manat ödəniş həyata keçirilib. Ötən ilin yanvar-iyun aylarında bu göstərici 5,43 manat olub.
Qeyri-həyat sığortası bazarı 3,4% azalıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda sığorta haqlarının 156 milyon manatı və ya 73,6%-i qeyri-həyat sığortasının payına düşüb. Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov bildirib ki, ötən ilin eyni dövrü ilə müqayisədə, qeyri-həyat sığorta bazarı 5,5 milyon manat və ya təxminən 3,4% azalıb.
Qeyri-həyat sığortası üzrə yığımların 27,3%-i və yaxud 42,6 milyon manatı tibbi sığortanın, 19,3%-i və ya 30,1 milyon avtomobillərin icbari sığortasının, 11,1%-i və ya 17,3 milyon manatı kasko sığortanın, 10,8%-i və ya 16,9 milyon manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 5,4%-i və ya 8,5 milyon manatı daşınmaz əmlakın icbari sığortasının, qalanı isə digər qeyri-həyatı sığortası növlərinin payına düşüb.
2014-cü ilin ilk 6 ayında sığorta bazarındakı ödənişlərin 94,7%-i və ya 61,9 milyon manatı qeyri-həyat sığortasının payına düşüb. Bu, 2013-cü ilin eyni dövrünə nisbətən 5,8 milyon manat və ya təxminən 10,3% çoxdur.
Qeyri-həyat sığortası üzrə ödənişlərin 37,2%-i və ya 23 milyon manatı tibbi sığortanın, 21,4%-i və ya 13,2 milyon manatı kasko sığortanın, eyni nisbətdə, yəni 21,4%-i və ya 13,2 milyon manatı avtomobillərin icbari sığortasının, 9,4%-i və yaxud 5,8 milyon manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 1,6%-i və ya 1 milyon manatı daşınmaz əmlakın icbari sığortasının, qalanı isə digər qeyri-həyatı sığortası növlərinin payına düşüb.
Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 39,7 manat ödəniş həyata keçirilib. Bu göstərici ötən ilin yanvar-iyun aylarında 34,8 manat olub.
Sığorta bazarının 67%-i könüllü formalaşıb
Bu ilin yanvar-iyun aylarında sığorta haqlarının 67%-i və ya 141,7 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov məsələ ilə bağlı verdiyi açıqlamasında qeyd edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə 9,4% və ya 12,2 milyon manat çoxdur.
İcbarı sığorta növləri üzrə yığımlar isə 70,3 milyon manat və ya bazarın 33%-ni təşkil edir. Ötən ilin eyni dövrü ilə müqayisədə icbari sığorta bazarı 2,64% və ya 1,81 milyon manat artıb.
2014-cü ilin ilk 6 ayında ümumi ödənişlərin 70%-i və ya 46 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığortalar üzrə ödənişlər ötən ilin eyni dövrünə nisbətən 12,2% və ya 5 milyon manat artıb. İcbarı sığorta növləri üzrə ödənişlər isə 13,7% və ya 2,3 milyon manat artaraq 19,4 milyon manata çatıb.
Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 32,5 manat ödəniş həyata keçirilib. Ötən ilin yanvar-iyun aylarında bu göstərici 31,7 manat olub. İcbari sığorta üzrə toplanan hər 100 manat üzrə ödəniş isə ötən ilki 24,9 manatdan 27,6 manata qalxıb.