Azərbaycanda əhalinin icbari sığorta barəsində kifayət qədər məlumatlı olmaması bu sahə üzrə əsas problemlərdən biri kimi qiymətləndirilir.
Bu məsələ haqqında V Azərbaycan Beynəlxalq Sığorta Forumunda İcbari Sığorta Bürosunun (İSB) rəhbəri Elxan Quliyev açıqlama verib.
"Bir neçə ildir ki, biz əhalinin icbari sığortaya olan inam və etibarının təmin edilməsinə və əhalinin bu məsələ üzrə məlumatlandırılmasına çalışırıq. Bütün səylərə baxmayaraq, bugün əhalinin bu seqmentə inamı olduqca aşağıdır və bu problem hal-hazırda öz həllini gözləyən ən önəmli məsələdir. Dövlət Yol Polisindən verilən məlumata görə, keçən ilin sonlarına doğru ölkədə 1,2 milyondan çox avtomobil qeydiyyata alınmış və onlardan yalnız 600 mindən çoxu sığortalanmışdı", deyə Quliyev qeyd edib.
Onun sözlərinə görə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə göstəricilər azalmaqda davam edir.
"2013-cü ildə AVSMMİS-da sığorta polisləri üzrə satışın azalması avtonəqliyyat vasitələrinin texniki və ekoloji vəziyyəti ilə bağlı qanunvericilikdə edilmiş dəyişikliklərlə əlaqədar idi. Cari ilin ilk 5 ayı ərzində AVSMMİS üzrə toplanan vəsaitin məbləği 11 milyon manata çatıb. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə, 20% azdır. Cari il ərzində zərərlilik dərəcəsinin 75-78% civarında dəyişəcəyi güman edilir. Bu tendensiya sığorta bazarına ciddi mənfi təsiri ilə diqqət çəkəcək", deyə Quliyev bildirib. Bundan əlavə o vurğulayıb ki, İSB vəziyyətin stabilləşməsi üçün bütün mümkün səylərin artırılmasını vacib sayır.
Məlumat üçün qeyd edək ki, İSB-na daxil olan 15 sığorta şirkətindən 11-i nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə polislərin satışı hüququna malikdir.
Sevinc İbadova/Banco.az