Apple şirkəti və yapon ixtiraçısı Norixiko Sayto arasında 7 il davam edən məhkəmə araşdırması ABŞ şirkətinin xeyrinə həllini tapmayıb. Yaponiyanın əqli mülkiyyət məsələləri üzrə Ali Məhkəməsi Tokio Dairə Məhkəməsinin qərarının qanuniliyini tanıyıb. Qərara əsasən, Apple şirkəti təqsirli bilinib. Söhbət iPod pleyerində Saytonun hazırlaması olan məşhur idarəetmə çarxından gedir.
iPod pleyerlərində tətbiq edilən Click Wheel idarəetmə çarxı həcmli dairədən və onun kənarlarında yerləşən mexaniki düymələrdən ibarətdir. Çarxın konstruksiyası musiqilərin oxudulmasına, gurluğu idarə etməyə imkan verir.
57 yaşlı Norixiko Saytonun sözlərinə görə, Click Wheel mexanizmi hələ 1998-ci ildə onun tərəfindən hazırlanıb, 2006-ci ildə isə Yaponiyada patentlənib.
İdarəetmə çarxı ilə təchiz edilmiş iPod pleyerlərinin böyük satış həcminə əsaslanaraq ixtiraçı amerikalılardan 97 milyon dollar məbləğində kompensasiya tələb edib. Dairə Məhkəməsi ABŞ şirkətinin yalnız 3,3 milyon dollar məbləğ ödəməsi ilə bağlı qərar çıxarıb.
Mənbə: milli.az