Azərbayanda həyat sığortası şirkətləri öz müştərilərinə borc pul verə biləcəklər. Bu, Maliyyə Nazirliyinin təsdiqlədiyi “Həyatın yığım sığortası üzrə fəaliyyət göstərən sığortaçı tərəfindən sığorta olunan şəxsə borcun verilməsi Qaydaları” çərçivəsində mümkün olacaq. Söhbət həyatın yığım sığortası üzrə fəaliyyət göstərən şirkət tərəfindən öz müştərisinə borc verməkdən gedir.
Qaydalara əsasən, həyatın yığım sığortası üzrə müştərilər gələcəkdə alacaqları məbləğin yarısı qədər borc götürə biləcəklər. Amma müştəri yalnız o zaman borc götürə biləcək ki, müqavilənin bağlanmasından 2 il keçmiş olsun. Borcun qaytarılması müddəti də sığorta müqaviləsinin qüvvədə olduğu dövrü əhatə edir.
Məsələn, tutaq ki, vətəndaş sığorta şirkəti ilə 3 illik müddətə müqavilə bağlayıb və hər ay onun hesabından yığıma 100 manat (36 ay ərzində 3600 manat) yönəldilir. Həyatın yığım sığortası ilə bağlı qaydalara görə, həmin məbləğ yekunda 5500 manat olaraq sığortalıya geri qaytarılmalıdır. Deməli, müştəri iki ildən sonra şirkətdən 2750 manat borc götürə biləcək.
Qaydalara əsasən, borc almaq istəyənlər üçün girov onlara ödəniləcək pullar olacaq. Verilən borc da həmin girovun məbləğini keçməməlidir. Borc faizsiz veriləcək.
Sığorta şirkətləri öz müştərilərinə borcu nağd şəkildə verməyəcək. Ayrılmış borcu isə birdəfəlik və yaxud hissə-hissə qaytarmaq mümkün olacaq.
Borcu vaxtında qaytara bilməyənlər buna görə əlavə pul (cərimə) ödəməli olmayacaqlar. Əgər sığorta müqaviləsi başa çatana qədər borc qaytarılmasa, qalmış hissə sığorta ödənişindən çıxılacaq.
Mənbə: fins.az