- Azərbaycanda işləməkdən nə qədər məmnunsunuz, burada bank sahəsində çalışanların professionallığını necə qiymətləndirirsiniz?
Mən Azərbaycanın bank sektoru ilə bağlı olduqca pozitiv fikirdəyəm və o, ildən ilə daha yaxşı olmağa dəyişir. Mən bildiyiniz kimi, artıq bir ildən çoxdur ki, burada işləyirəm. İstər banklarda, istər də dövlət orqanlarında çalışan insanların peşəkarlığı yüksəkdir, burada qanunvericilik çox güclü inkişaf etmişdir və bank sektorunda müsbət tərəfdən əks olunur. Əgər böyük bankların əksəriyyətinin fəaliyyət nəticələrinə baxsaq, onların çoxunun olduqca uğurlu olduğunu görəcəyik.
- Yaxşı qazanırlar, elə deyil?
Yox, nəinki qazanırlar, həm müştərilərin istəklərini qarşılayır, onların tələbatını ödəyirlər, müştəriləri məmnun edirlər. Digər tərəfdən bu, rəqabəti də artırır və xüsusən də regionlarda hiss olunur. Məsələn elə rayonlar var idi ki, cəmi bir neçə müddət, bir neçə ay, bundan öncə biz o bölgədə fəaliyyət göstərən yeganə bank idik və ya cəmi bir rəqibimiz var idi. İndi artıq həmin bölgələrdə başqa banklar da təmsil olunmağa başlayır. Bu olduqca müsbət tendensiyadır və regionlarda rəqabətin də artmasına şərait yaradır. Rəqabət isə, prinsip etibarı ilə həmişə müştərilərin xeyrinədir.
- Siz Azərbaycandan öncə Rusiyada çalışmışınız, mənə maraqlıdır, bəs bundan sonra məhz hansı ölkədə çalışmaq istərdiniz?
Siz şəxsən mənim özümü nəzərdə tutursunuz. Bu haqda danışmaq çox tezdir (it is early days- deyir və gülür) . Bu suala cavab vermək çox çətindir. Bilirsiniz CEO (baş icraçı direktor) və ya İdarə heyətinin sədri olmaq, hər bir kəsdən böyük məsuliyyət tələb edir, bu olduqca məsuliyyətli bir işdir. Məncə hər hansı bir müddətdə mənim getməyim haqda danışmaq düzgün olmaz. Çünki rəhbər çalışdığı yerdə olduqca uzun müddətə qalmağa hazır olmalıdır və ona etimad göstərilməsi üçün hər şey etməlidir. Çalışdığı yerdə uzunmüddətli hədəflər qurmalıdır. Ona görə də mən getmək haqqında düşünmürəm.
- Cənab Hoffmann, sizcə hər hansı bir bankirin uğurunun əsas sirri nədədir (Key points of success)?
Bu çox yaxşı sualdır. İlk növbədə hər bir menecerin öz stili olmalıdır. Mən düşünürəm ki, bank sektoru digər sektorlar ilə müqayisədə insanlardan daha güclü şəkildə asılıdır. Avropada, ingilis dilində belə bir deyim var: “Banking is people” (bankçılıq insanlara bağlıdır). Bu istehsalat, avadanlıq təchizatı və s biznes deyil.
Hər şey müştərilərdən və çalışdığınız komandadan asılıdır: “Biz öz kreditlərimizi necə verir, hansı incəliklərə diqqət yetirir, insanlara necə yanaşırıq. Öz işimizi necə görürük”. Ona görə də düşünürəm ki, ən vacibi insanlar, insanları idarəetmə qabiliyyəti, motivasiyadır. Komanda olduqca əhəmiyyətlidir. İnsanlar elə bir mühitdə çalışmalıdırlar ki, özlərini inkişaf etdirmək imkanları olsun. Biz əməkdaşlarımızın öz istedadlarını inkişaf etdirmək üçün hər bir şərait yaratmalıyıq. Əlbəttə biz hər şey edirik ki, onlar olduqları yerdə inkişaf etsinlər, öz biliklərini genişləndirsinlər, istedadlarını artırsınlar.
Könül Soltanova / Banco.az