Sığorta nə vaxt pulu ödəmir? | Banco.az

Sığorta nə vaxt pulu ödəmir?

Bu gün sürücülərin bir çoxunu "hadisə baş verdikdə sığorta ödənişi olunmaya bilərmi?" sualı maraqlandırır. “Bir çox sığorta şirkətləri qəza baş verdikdə sığorta ödənişindən imtina edir və belə hal olduqda sığorta bizim pulumuzu vermir” - ittihamları ilə qarşılaşırıq. Bu isə sığorta şirkətlərinə qarşı anti-reklam kompaniyasına belə çevrilə bilir. Problem düzgün məlumatlandırılmama və sığorta müqaviləsini oxumamaqdan irəli gəlir.

Avtomobilini sığortalamış şəxs qəza zamanı nə edəcəyini bilmir. Əslində sığortalının bilməli olacağı çox şey var. İlk olaraq qəza baş verdikdə sürücünün vəzifələrinə diqqət edək.

Yol Hərəkəti Haqqında" Qanun 37-ci maddə :

IV. Mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı:

1) nəqliyyat vasitəsini yerindən tərpətməməliqəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir;
2) zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, «Təcili tibbi yardım» maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır;
3) başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri- mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır.Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir;
4) hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir;
5) əgər yol-nəqliyyat hadisəsi nəticəsində heç kim xəsarət almamışdırsa, maddi zərər cüzidirsə, nəqliyyat vasitələrində, onların hərəkət etməsinə mane ola biləcək nasazlıq yoxdursa və yol-nəqliyyat hadisəsini törədənlər hadisənin baş verdiyi şəraiti qiymətləndirməkdə razılığa gələrlərsə, hadisənin sxemini tərtib edib imzaladıqdan sonra, hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər.

Ən sərfəli kredit üçün müraciət et

37-ci maddəyə əsasən qəza baş verirsə avtomobillər yerindən tərpədilməli deyil. Lakin hərəkətin qarşısını alırsa yolun hərəkət hissəsindən avtomobil mütləq kənara çəkilməlidir. Bəzi sığorta şirkətləri ödənişi etməmək məqsədi ilə yolu boşaldan sığortalıya ödənişdə imtina edirlər. Bu kökündən yanlışdır. İlk olaraq yolun hərəkət hissəsinin boşaldılma səbəbi aydınlaşdırılmalı daha sonra qərar verilməlidir. 37-ci maddəyə uyğundursa ödənişdə imtina edilə bilməz.

Sığorta hadisəsi baş verdikdə aşağıdakılara sığortalının riayət etməsi vacibdir. 

Qəza baş verdikdə dərhal avtomobilinizi sığorta etdirdiyiniz sığorta şirkətinin növbətçi telefon nömrələrinə zəng edərək hadisə barədə ətraflı məlumat verin. Bundan başqa, müvafiq hüquq — mühafizə orqanına (102 - polis xidməti)  hadisə barədə məlumat verməlisiniz. 

Əgər sığorta hadisəsi barədə məlumat sığortaçıya dərhal verilməzsə və sığortalı hadisə barədə dərhal məlumat vermək iqtidarında olmadığını sübut edə bilməzsə, sığortaçı sığorta ödənişindən imtina edə bilər. Sığorta şirkətinin qəza eksperti hadisə yerinə gələnədək sığortalı nəqliyyat vasitəsinin vəziyyətində və hadisə yerində heç bir dəyişiklik etməməlidir.  Sığorta hadisəsi baş verdikdə  qeyd olunanlardan hər hansı birinə riayət etməsəniz, sığorta şirkətiniz  sizə sığorta ödənişinin verilməsindən imtina edə bilər. 

Bu halda sığorta şirkətləri sığorta ödənişinin verilməsindən imtina edirlər: 

— Sığortalı nəqliyyat vasitəsi sığorta şəhadətnaməsinə və ya qanunvericiliyə əsasən səlahiyyəti olmayan şəxs tərəfindən idarə edildikdə; 
— Sığorta etdirənin (Sığortalının) və ya nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin kobud ehtiyatsızlığı nəticəsində nəqliyyat vasitəsinə dəyən zərərlər. 

Kobud ehtiyatsızlıq dedikdə aşağıdakı hallar nəzərdə tutulur: 
— svetoforun və ya nizamlayıcının qadağanedici işarəsində hərəkətin davam etdirilməsi; 
— hərəkət istiqamətlərinə aid olan tələblərin pozulması; 
— yolda müəyyən edilmiş hərəkət sürətinin yaşayış məntəqələrində 20 km/saatdan, magistral yollarda 30 km/saatdan artıq aşılması; 
— nəqliyyat vasitəsi spirtli içki və narkotik maddə qəbul etmiş şəxs tərəfindən idarə olunan zaman dəyən zərərlər və s. 

Sığorta ödənişinin verilməsindən imtinanın əsaslarının tam siyahısı sığorta şirkəti ilə bağlanan sığorta müqaviləsinə əlavə edilmiş Nəqliyyat vasitələrinin kasko sığortasının qaydalarında göstərilir. Həmin qaydalar ilə tanış olmağınız nədir müqaviləni başdan-ayağa diqqətlə oxumağınız lazımdır..  Sonra sığorta şirkətinin sizə ödəniş etməməsini “bizdə sığortanın olmaması” ilə bağlamayın. Bəlkə, özünüz qanunlarımızın və müqavilənin şərtlərini pozursunuz? Oxuyun və yolda diqqətli olun.

Mənbə: avtostop.tv