Bakıda Beynəlxalq "Motor Şou" sərgisi olacaq | Banco.az

Bakıda Beynəlxalq "Motor Şou" sərgisi olacaq

May ayının 15-də Baku Ekspo Mərkəzində Azərbaycanın avtomobil həvəskarları üçün nəzərdə tutulmuş Bakı Beynəlxalq “Motor Şou” (BIMS) sərgisi start götürəcək. 

Xəzəryanı regionun ən böyük avtomobil sərgisi olan bu tədbir yerli və xarici avtomobil istehsalçılarını, habelə avtomobil avadanlıqları və komplektləşdiricilərinin dünya şöhrətli brendlərinin distribyutor və dilerlərini bir araya gətirəcəkdir. Bu sərgi meydançası işgüzar əlaqələr, eləcə də avtomobil biznesinin və avtomobilçilər üçün servis infrastrukturunun inkişafı xüsusunda müzakirələrin aparılması baxımından nüfuzlu platformadır. Sözügedən sərgi peşəkarlar və avtomobil həvəskarları ilə yanaşı, hakimiyyət orqanlarının nümayəndələri, habelə sənaye müəssisələrinin rəhbər və mütəxəssisləri, bank və sığorta sahələrinin nümayəndələri, o cümlədən avtotəmir və avtoservislərin sahibləri tərəfindən ziyarət olunur.

Milli.Az xəbər verir ki, layihəyə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən rəsmi dəstək göstərilir. Sərginin artıq 5 ildir ki, sahib olduğu və “UFI” Ümumdünya Sərgi Sənayesi Assosiasiyası tərəfindən verilmiş keyfiyyət nişanı onun beynəlxalq statusunu təsdiq edir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group plc” şirkətləri çıxış edirlər. 

Azərbaycanda ən çox ziyarət olunan sərgilərdən biri - “BIMS 2014” sərgisində 100-dən çox şirkətin iştirakı gözlənilir. Hazırda “BIMS 2014” sərgisinin iştirakçıları siyahısına Azərbaycan, Almaniya, Polşa, Rusiya və s. ölkələrdən olan şirkətlər daxildir. Sərgidə ənənəvi olaraq üç böyük sektor (avto-moto nəqliyyat, kommersiya nəqliyyatı və avto-hissələr və aksessuarlar) təmsil olunacaq və bunun sayəsində də bazar ölkə sənayesinin tələbatlarına tam şəkildə cavab verən bir sərgi qazanacaqdır. 

Sərginin iştirakçıları arasında minik avtomobillərinin istehsalı ilə məşğul olan dünya şöhrətli şirkətlərin (məs.: “Bentley”, “Toyota”, “Lexus”, “Suzuki”, “Volvo” və s.) rəsmi distribyutorları var. Builki sərgidə minik avtomobillərinin yerli istehsalçısı - Naxçıvan Avtomobil Zavodu (NAZ) iştirak edəcək. Motosiklet dilerləri isə dünyanın aparıcı istehsalçıları sayılan “Aprilia”, “Suzuki”, “Harley Davidson” və “Vespa” şirkətlərinin modellərini təqdim edəcəklər. Kommersiya sektorunda “MANN” və “HOVO” şirkətlərinin istehsalı olan traktorlar, özüboşaldan yük maşınları və müxtəlif növ məhsulların daşınması üçün yarım-qoşqular nümayiş etdiriləcək. Sərgidə avto-hissələr, eləcə də avtomobil yağları, filtrlər, avtokosmetika və digər avtomobil kimyası məhsullarının aparıcı brendlərini nümayiş etdirən tematik bölmə əhəmiyyətli yer tutacaqdır. Bura əsasən ehtiyat hissələri və komplektləşdiriciləri işləyib hazırlayan, istehsal edən və təchiz edən şirkətlər, habelə xarici şirkətlərin regional nümayəndələri daxildir. 

Beləliklə, sərgi dünya avtomobil sənayesi təmayüllərinin nümayişinə şərait yaratmaqla, istehlakçı üstünlüklərinin formalaşdırılması, işgüzar əlaqələrin genişləndirilməsi və tezliklə gündəlik həyatımıza daxil olaraq, əhali üçün daha rahat nəqliyyat xidmətlərinin təmin edilməsində mühüm rol oynayacaq kommersiya təkliflərinin təqdimatı baxımından ideal biznes-platformadır. 

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Milli.az