MilliÖN-də kredit borclarını necə ödəmək olar? | Banco.az

MilliÖN-də kredit borclarını necə ödəmək olar?

Yəqin ki, hamınız metrolarda, iri ticarət obyektlərində, vağzallarda və ya ümumiyyətlə insanların sıx olduğu yerlərdə quraşdırılmış qırmızı rəngli “MilliÖN”  ödəniş terminallarını görmüsünüz. Bu terminallar nağd ödənişlər üçün nəzərdə tutulmuşdur. Yəni pulu nağd şəkildə terminala daxil etməklə distant (məsafədən) bir çox ödənişləri həyata keçirə bilərsiniz.

Nələri ödəmək olar?

Mobil operatorlar, İnternet provayderlər, Kabel televiziyası, Şəhər telefonları   Mənzil kommunal təsərrüfatı xidmətləri  (su, işıq, qaz, o cümlədən qaz smart kartının balansının doldurulması) Bank Xidmətləri, Sığorta Xidmətləri, Mərc Oyunları,  Əyləncə, Ağıllı Alış-Veriş, Agent Şəbəkəsi.

  Bank xidmətlərinin ödənişi

Bu gün biz sizinlə bank xidmətlərindən, daha doğrusu kreditlərin ödənilməsindən danışmaq istərdik. Bildiyiniz kimi bu ödəniş terminalları vasitəsi ilə bir sıra bankların və kredit təşkilatlarının kreditlərini ödəmək mümkündür. Müştərilər öz borlarını 24 saat ərzində bütün Azərbaycanın ərazisində, banka getməyə, parkinq axtarmağa, növbə gözləməyə vaxt itirmədən ödəyə bilərlər. Ödəniş terminallarının sayı isə artıq 1900-dən çoxdur. Terminallar ödənişlərin gecikməsinin qarşısını almaqda əhəmiyyətli rol oynayır. Çünki iş vaxtı hamının banka gələrək kredit ödənişi etmək imkanı olmur.

Hansı bankların kreditlərini MilliÖN-də ödəmək olar?

DəmirBank , Turanbank, Bank of Baku, Unibank, Bank Standard, Nikoil, AtaBank, Bank Respublika, Kapital Bank

 

Kredit Təşkilatları

  • TBC Kredit , FINCA Azerbaijan, AzerCredit, FlexiCerd, Embafinans

Qeyd: Bank Standard-da kredit kartlarındakı borclar ilə yanaşı debet kartlardakı vəsaiti artırmaq da mümkündür.

Ödənişlər real vaxt rejimində həyata keçirilir. İş saatlarından kənar, istirahət və bayram günləri edilən ödənişlərin silinməsi növbəti iş günü həyata keçirilir. 

Ən sərfəli kredit üçün müraciət et

Kredit ödənişlərini "MilliÖN" Ödəmə Nöqtələri vasitəsilə həyata keçirmək üçün müştərilər sadəcə kreditlərini aldıqları Banka  müraciət edərək  "kredit İD" kodlarını almalıdırlar. Bu kodu kredit rəsmiləşdirildikdə almaq olar.

 "MilliÖN" Ödəmə Nöqtələri vasitəsilə kredit ödənişlərinin həyata keçirilməsi ardıcıllığı aşağıdakı kimidir: 
• Terminalın ekranından "Bank xidmətləri" bölməsi seçilir; 
• Növbəti açılan pəncərədən "XXXX" (krediti aldığınız bankın adını seçirsiniz; 
• Sonra Bank tərəfindən təqdim edilən "Kredit İD"-si iki dəfə daxil edilir; 
• "Kredit İD"-si iki dəfə daxil edildikdən sonra müştərinin adı, soyadı və atasının adı ekranda çıxır; 
• Ad və soyada əsasən kredit kodunun düz daxil edilməsinə əmin olduqdan sonra ödənilən məbləğ terminala daxil edilir; 
• Terminaldan çıxan qəbz, ödənişi təsdiq edən sənəd sayılır və saxlanılması məqsədəuyğundur. 

Terminal vasitəsilə kredit ödənişi üçün xidmət haqqı tutulmur.

Bəzi faydalı tövsiyələr:

  • Ödəniş terminalda pulun qalığının qaytarılması nəzərə alınmayıb, ona görə də ödəniş edərkən bunu yaddan çıxarmayın, məsələn 72 AZN məbləğində aylıq ödənişi ödəyərkən 100 AZN nominal dəyəri olan əsginasdan istifadə etməyin, həmçinin, bu zaman1 ədəd 50 AZN, 1 ədəd 20 AZN və 2 ədəd 1 AZN dən istifadə etsəniz yaxşıdır. Yəni terminal pulunuzun xırdasını geri qaytara bilməyəcək.
  • Terminallarda metal puldan istifadə etmək mümkün deyil.
  • Ödəniş edərkən diqqətli olun, bir əsginasın yerinə digərini daxil etməyin, səhv daxil edilmiş pulu geri qaytarmaq olmur.
  • Terminalda hər hansı bir xidmətin ödənişi müvəqqəti dayandırılmış ola bilər.

Terminalla və ya proseslə bağlı hər hansı problem yaşanarsa,  *0010  Müştəri Xidmərlərinə zəng etmək kifayətdir və mütəxəssislər bu problemi həll edəcəklər

"MilliÖN" Ödəmə Nöqtələri Bakı şəhəri və Azərbaycanın digər şəhərləri üzrə müxtəlif ticarət və biznes mərkəzlərində, metro stansiyalarında, super-marketlərdə, vağzallarda və hava limanında yerləşdirilib.

Könül Soltanova/ Banco.az