Koko Qabriel Şanel və brendin yaranma tarixi | Banco.az

Koko Qabriel Şanel və brendin yaranma tarixi

Ötən əsrin 20-ci illərinin əvvəlləri dəbdə qadın geyiminin cazibədarlıq və zəriflik itkisi situasiyası yaşanırdı. Məhz bu situasiyadan ustalıqla bəhrələnən Koko Şanel öz modellərində inqilabi yeniliklər və açıq-saçıq incəlik elementini birləşdirdi. O özünün ilk baxışda zövqsüz, sadə görünən məşhur «balaca qara paltarını» fikirləşdi. Bu həlledici addım ona dünya şöhrəti gətirdi və onun tapıntısını eleqantlıq, yüksək zövq və incəlik simvoluna çevirdi. "Şanel üslubu" anlayışı moda terminologiyasında möhkəm təsdiq olunub Koko isə özü haqda belə deyirdi: "İlk növbədə bu, üslubdur. Moda dəbdən düşür. Üslub isə heç zaman!".

Uşaqlığı haqqında məlumat çox azdır. Qabriel 1883-cü il avqustun 19-da Fransanın qərbində, Somüre şəhərində anadan olub. Atası yarmarka alverçisi Alber Şanel, anası isə atasının məşuqəsi Canna Devol idi. Əfsanəvi madmazel ömrü boyu qorxurdu ki, jurnalistlər onun nikahdankənar uşaq olduğunu, anasının astma və aclıqdan öldüyünü, atasının isə onu 12 yaşında katolik sığınacağına atdığını öyrənə bilərlər.

20 yaşına çatanda rahibələr onun üçün Mulen şəhərində bir tikiş mağazasında iş tapırlar. Qadın və uşaq paltarlarını böyük ustalıqla tikən Qabriel tez bir zamanda mağaza sahibləri və sifarişçilərin hörmətini qazanır. Məhz bu dövrdə bütün dünyada tanınan Koko ləqəbi meydana gəlir. İşdənkənar boş vaxtlarında kafeşantanda (açıq səhnəsi olan kafe və ya restoran) müğənnilik edir və tez-tez «Trokaderdə kokonu kim görüb?» şlyagerini ifa edirdi. Əfsanəvi ad öz başlanğıcını məhz buradan götürüb. Düzdür, madmazel müğənnilik fəaliyyəti haqqında xatırlamağı sevmir və bu ləqəbinin meydana gəlməsini belə izah edirdi: «Atam məni çox sevirdi və məni cücəm adlandırırdı (koko — fransızca cücə deməkdir)».

Öz mənşəyinə, uşaqlıqda onu bürüyən kasıbçılığa qarşı olan nifrəti Şaneli bütün ömrü boyu izləyirdi. Bu kompleksi onun aktiv fəaliyyətinin, istənilən yolla uğur və şöhrət qazanmaq cəhdinin əsasını qoyurdu. O, sevgisiz, qayğısız, tənhalıq içində keçirdiyi uşaqlığını unutmaq istəyirdi.

1905-ci ildə onun həyatına dəbdəbəli həyat tərzi sürən Etten Balsan daxil olur. Onun sarayında məskunlaşan Koko yeni həyatının bütün məziyyətlərindən istifadə edir: günortaya qədər yataqda qalır və ucuz romanlar oxuyurdu. Üç ildən sonra o, gənc ingilis Artur Keypellə tanış olur. O, Kokoya maddi dəstək göstərəcəyini bildirərək şlyapa mağazası açmağı məsləhət görür. Koko karyerasına başlamasına görə məhz Balsana borclu idi. Balsan «bezdiyi» məşuqəsini sarayından uzaqlaşdırmaq üçün çoxdan bir fürsət axtarırdı. Əvvəlcə Koko onun Parisdəki evinə yerləşir və şlyapalarını hazırlayıb satmağa başlayır. 1910-cu ilin sonunda o, Balsanla münasibətləri kəsərək Artur Keypellə görüşməyə başlayır. Yeni dostundan söz verdiyi pulları götürən Koko Kambon küçəsində "Şanelin modaları" lövhəli atelyesini açır. Çox yaxınlarda bu küçə bütün dünyaya səs salacaq və yarım əsr ərzində məşhur modelyerin adı ilə bağlı olacaq.

Koko dəb dünyasına çox sürətlə daxil olur. O, əvvəllər qadınların ağlına belə gəlməyəcək bir üslub – idman üslubunda kostyumlar yaradır, çimərliyə adi «matroska» və dar yubkada gəlməyə cəsarət göstərir.
Şanel üslubu – sadə, praktik və eleqantdır.

Baxmayaraq ki, qadın şalvarını dəbə Koko gətirir, özü nadir hallarda şalvar geyinirdi. Düşünürdü ki, şalvar qadında kişidəki qədər gözəl görünməyəcək. Amma qısa kişi saç düzümü onun xoşuna gəlirdi. Səbəb sadə idi – qısa saçlara qulluq etmək daha asandır. Bir dəfə o, uzun hörüklərini kəsərək ictimaiyyət arasına çıxır və qaz kolonkasının yanaraq saçlarını ütdüyünü açıqlayır. Beləliklə, 1917-ci ildə qadın qısa saç düzümü dəbi meydana gəlir. Şanelə qədər qadınların saçları mütləq uzun olmalı idi.

1919-cu ildə Artur Keypel avtomobil qəzasında həlak olur. «Mənim həyatım dağıldı. Sevdiyim insan dünyasını dəyişdi. Məni heç nə maraqlandırmırdı. Bütün günlərimi ağlamaqla keçirirdim» — Koko o günlərini belə xatırlayırdı. Əgər bu hadisə baş verməsəydi, bəlkə də onun qara parçayla məşhur eksperimentləri baş tutmazdı. Bəziləri söyləyirdilər ki, o, dəbə ona görə qara rəngi gətirdi
ki, bütün fransız qadınları onun həlak olan sevgilisinə yas saxlasınlar. Şanelin isə yas saxlamağa hüquqi icazəsi yox idi, çünki Arturla evli deyildilər.

1920-ci ilin yayında Koko Rusiyadan olan məşhur kimyaçı-parfümer Ernest Bo ilə tanış olur. Bu görüş hər ikisinə xoşbəxtlik gətirir. Bir il uzun təcrübələr və gərgin işdən sonra Ernest «qadın qoxusu verən qadın ətri»ni ərsəyə gətirir. Ətir əvvəllər qəbul olunan kimi heç bir konkret gülün ətrini vermir. Bu, 80 komponentdən ilk sintez olunmuş parfüm idi. Bu gün də "Şanel №5" ətri planetdə ən çox satılan ətirlərdəndir.

20-ci illərin ortaları Kokonun həyatına 14 il eşq macərası yaşayacağı ingilis hersoqu Vesiminsterskiy daxil olur. Hersoq onu bu illər ərzində ingilis aristokratiyası ilə tanış edir. Əgər o, hersoqdan övlad dünyaya gətirə bilsəydi, onun həyat yoldaşı olacaqdı. 46 yaşında Koko həkimlərin yanına konsultasiyaya gedir, amma çox gec olur, artıq yaş öz sözünü deyir. Hersoq buna görə çox əzab-əziyyət çəksə də, başqa qadınla evlənməyə məcbur olur.

1940-cı ildə, yəni İkinci Dünya müharibəsi illərində Koko alman səfirliyinin attaşesi Qans fon Dinklə eşq macərası yaşayır. Parisin azad olunmasından sonra Kokonu işğalçı ilə münasibətinə görə həbs edirlər, amma elə həmin gün axşam da buraxırlar. Belə şayiələr gəzirdi ki, onun azad olunmasında U.Çörçilin böyük rolu olub. Axı o, ingilis hersoqu ilə olan vaxtlarda Çörçilin evinə tez-tez baş çəkərdi. Bu azadlıq Kokoya ucuz başa gəlmir, bunun müqabilində ondan dərhal Fransanı tərk etməsi tələb olunur. Bundan sonra o, professional moda sahəsini rəqibsiz qoyub on il müddətinə sükuta çəkilir.

Ən sərfəli kredit üçün müraciət et



1953-cü ilə qədər Koko İsveçrədə yaşayır, sonra Parisə və yenidən moda dünyasına qayıdır. Şanelin yeni kolleksiyası gözlədiyi kimi, əks-səda doğurmur – o, heç bir yenilik gətirə bilmir. Ancaq tənqidçilər başa düşmürdülər ki, sirr də elə bundadır – yaşlaşmayan və daimi eleqantlıq. Bir ildən sonra Koko revanşı yenidən əldə edir. Moda ilə geyinən yeni nəsil üçün Şaneldən geyim əldə etmək böyük fəxr idi. Koko dünya moda sənayesində ən böyük moda evlərindən birinin rəhbərinə çevrilir.

Baxmayaraq ki, onu ömrü boyu çoxlu sayda insan əhatə edirdi, o, tənhalıq içində idi. 1971-ci il yanvarın 10-da, ölüm günündə 87 yaşlı əfsanəvi madmazelin yanında ancaq qulluqçusu olur. Onu vəsiyyətinə əsasən Parisdə yox, dediyinə görə, həmişə özünü təhlükəsiz hiss etdiyi İsveçrədə dəfn edirlər.