Müəllif: Gülnar Əhmədli, Banco.az
Black Friday endirimləri hər il alıcıların diqqətini cəlb edir və bir çoxları bu dövrdə daha sərfəli alış-veriş etməyə çalışır. Lakin kampaniyalar zamanı elan edilən böyük faizli endirimlər həmişə məhsulun real qiymətinin aşağı düşdüyü anlamına gəlmir. Bəzi mağazalar əvvəlki qiymətləri artıraraq endirim görüntüsü yaradır, digərləri isə həqiqətən sərfəli təkliflər təqdim edir. Bəs Black Friday endirimləri nə dərəcədə realdır və alıcılar bu kampaniyalarda həqiqətən qənaət edə bilirlərmi?
Banco.az-a açıqlamasında iqtisadçı alim Vüsalə Əhmədova bildirib ki, "Black Friday" endirimlərinə birmənalı yanaşmaq düzgün olmaz:
"Burada, həm real qiymət güzəştlərini, həm də sırf marketinq məqsədilə yaradılan endirim görüntüsünü görməmiz mümkündür. Sırf Azərbaycan üçün ikinci variant daha aktualdır təəssüf ki. Əsas problem ondan ibarətdir ki, ölkəmizdə çox hallarda məhsulun qiyməti kampaniyadan əvvəl artırılır, daha sonra isə həmin qiymət üzərindən 30%, 40%, hətta 50% endirim elan edilir. Nəticədə istehlakçı böyük endirim əldə etdiyini düşünür, halbuki məhsulun faktiki satış qiyməti əvvəlki dövrlə müqayisədə ya dəyişməyib, ya da cüzi azalıb".
İqtisadçının sözlərinə görə, digər məsələ istehlakçı psixologiyasıdır: "Bilirsiz ki, "Black Friday" kampaniyaları yalnız qiymət endirimi üzərində qurulmur. Burada süni təcili qərarvermə mexanizmlərindən də istifadə olunur. Çünki, ildə bir dəfə noyabr ayının son həftəsində cəmi iki-üç gün təşkil olunur. Bu səbəbdən də, "son fürsət", "yalnız iki gün", "məhdud sayda məhsul" kimi mesajlar insanlarda fürsəti qaçırmaq qorxusu yaradır. İstehlakçı bəzən ehtiyacı olmayan məhsulu belə almağa qərar verir.

Beləliklə, qənaət etmək məqsədilə alış-veriş etməyi düşünən şəxs əslində əlavə xərcə düşür. Bununla yanaşı, real "Black Friday" endirimlərini də görməmiz mümkündür. Xüsusilə, Avropa ölkələrində, istərsə də Türkiyədə mövsüm sonu məhsullarında, əvvəlki kolleksiyalarda, elektronika və məişət texnikasının müəyyən modellərində ciddi qiymət güzəştləri edilir. Lakin burada da məhsulun əvvəlki qiymətini, digər mağazalardakı satış dəyərini və kampaniyadan sonrakı qiymətini müqayisə etmək vacibdir".
"Məncə, "Black Friday"ə avtomatik qənaət fürsəti kimi deyil, qiymət müqayisəsi aparmaq üçün əlavə imkan kimi baxmaq lazımdır. Çünki, endirim faizi mağazanın marketinq göstəricisidir, istehlakçının real qazancı isə məhsulu əvvəlki bazar qiymətindən nə qədər ucuz əldə edəcəyidir. Yekun olaraq onu da qeyd etmək istərdim ki, "Black Friday"də əsas sual "neçə faiz endirim var?" olmamalıdır, "mən bu məhsulu həqiqətən nə qədər sərfəli qiymətə alıram və ümumiyyətlə, ona ehtiyacım varmı?" olmalıdır", - deyə V. Əhmədova əlavə edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
