NVIDIA-nın yeni rəhbəri kimdir? | Banco.az

NVIDIA-nın yeni rəhbəri kimdir?

Müəllif:Mehin Qasımova,Banco.az

Süni intellekt çipləri bazarının aparıcı şirkətlərindən biri olan NVIDIA-da 33 ildən sonra rəhbərlik dəyişikliyi baş verib. Şirkətin həmtəsisçisi və baş direktoru Jensen Huang vəzifəsindən istefa verib. Onun yerinə müvəqqəti olaraq maliyyə direktoru Colette Kress təyin olunub.

Banco.az xəbər verir ki, NVIDIA-nın direktorlar şurasının noyabrın 12-də yaydığı açıqlamaya əsasən, Kress daimi baş direktor seçilənədək şirkətə rəhbərlik edəcək. O, eyni zamanda maliyyə direktoru vəzifəsini də icra etməyə davam edəcək. Daimi rəhbərin seçilməsi üçün həm şirkətdaxili, həm də xarici namizədlər nəzərdən keçiriləcək.

Bəs NVIDIA-nın yeni müvəqqəti rəhbəri Colette Kress kimdir?

59 yaşlı Colette Kress 2013-cü ilin sentyabrından NVIDIA-da baş maliyyə direktoru (CFO) vəzifəsində çalışır. O, şirkətin maliyyə strategiyasının formalaşdırılmasında və əməliyyatların idarə edilməsində mühüm rol oynayıb.

Kress NVIDIA-ya qoşulmazdan əvvəl təxminən 25 il müxtəlif texnologiya şirkətlərində maliyyə sahəsində fəaliyyət göstərib. O, Microsoft-da 13 il, Cisco-da isə rəhbər vəzifələrdə çalışıb. Bundan əlavə, Texas Instruments şirkətində də təcrübə qazanıb.

O, Arizona Universitetində maliyyə üzrə bakalavr təhsili alıb, Cənubi Metodist Universitetində isə MBA dərəcəsinə yiyələnib.

NVIDIA-nın böyüməsində onun rolu

Kressin NVIDIA-da çalışdığı dövr şirkətin böyük transformasiyası ilə yadda qalıb. Belə ki, onun maliyyə direktoru vəzifəsinə başladığı 2013-cü ildə şirkətin illik gəliri təxminən 4,1 milyard dollar olduğu halda, 2026-cı maliyyə ilində bu göstərici 215,9 milyard dollara yüksəlib.

Kress mütəmadi olaraq şirkətin rüblük maliyyə nəticələrinin açıqlanmasında Jensen Huang ilə birlikdə iştirak edib, investorlarla gəlirlər, bazar tələbatı və şirkətin inkişaf perspektivləri barədə müzakirələr aparıb.

Kress şirkətin maliyyə qərarlarında ehtiyatlı yanaşması və iri investisiyaların risklərini qiymətləndirməsi ilə də tanınıb.

NVIDIA-nı qarşıda nə gözləyir?

Jensen Huang NVIDIA-nı 1993-cü ildə həmtəsisçi kimi qurub və üç onillikdən artıq müddətdə şirkətin inkişafına rəhbərlik edib. Onun rəhbərliyi dövründə "NVIDIA" oyun qrafik kartları istehsalçısından süni intellekt və yüksək hesablama texnologiyalarının əsas təchizatçılarından birinə çevrilib.

Kressin qarşısında isə bu inkişaf tempini qorumaq, investorların etimadını saxlamaq və şirkətin süni intellekt bazarındakı mövqeyini möhkəmləndirmək kimi mühüm vəzifələr dayanır.

Hazırda onun təyinatı müvəqqəti xarakter daşıyır. NVIDIA-nın daimi baş direktorunun kim olacağı isə hələ məlum deyil.