Saatlıq əməkhaqqı sisteminə keçidin hansı üstünlükləri olacaq? | Banco.az

Saatlıq əməkhaqqı sisteminə keçidin hansı üstünlükləri olacaq?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. Bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Bəs bu sistemin üstünlükləri olacaqmı?

İqtisadçı Xalid Kərimli Banco.az-a açıqlamasında bildirib ki, minimum saatlıq əməkhaqqına keçid əmək bazarında ciddi dəyişiklik yaratmayacaq: "Sadəcə, mövcud minimum aylıq əməkhaqqı ay ərzindəki orta iş saatlarının sayına bölünərək saatlıq məbləğ müəyyən ediləcək. Bu yanaşmanın tətbiqi onunla bağlıdır ki, əvvəlki dövrlərdə, xüsusilə sovet sistemində əsas işəgötürən dövlət olduğu zaman aylıq əməkhaqqı modeli üstünlük təşkil edirdi və saatlıq müqavilələr geniş yayılmamışdı. Bazar iqtisadiyyatında isə artıq 15 saatlıq və ya daha qısa müddətli əmək müqavilələri də bağlana bilər. Məqsəd beynəlxalq təcrübəyə uyğun olaraq daha çevik iş qrafikləri üçün də minimum əməkhaqqı standartlarını müəyyənləşdirməkdir".

İqtisadçının sözlərinə görə, məsələn, işçi ay ərzində 12 saat çalışacaqsa, onun saatlıq əməkhaqqı müəyyən ediləcək və bu məbləğ minimum saatlıq əməkhaqqından aşağı ola bilməyəcək: "Beləliklə, hazırkı minimum aylıq əməkhaqqı anlayışı saatlıq göstərici ilə əvəzlənəcək. Bu, özlüyündə ciddi dəyişiklik yaratmasa da, daha qısa müddətli və çevik əmək müqavilələrinin bağlanmasına imkan verəcək. Hazırda da belə hallar mövcuddur: işçilər yarımştat və ya dörddəbir ştat üzrə rəsmiləşdirilirlər. Yeni mexanizm isə bu prosesi daha çevik şəkildə tənzimləyəcək.

Minimum saatlıq əməkhaqqının müəyyən edilməsi aşağı gəlirli işçilərin hüquqlarının daha yaxşı qorunmasına da xidmət edəcək. Belə ki, işəgötürənlər müqavilədə minimum saatlıq əməkhaqqından aşağı məbləğ müəyyən edə bilməyəcəklər. Bununla belə, bu addım əməkhaqlarının avtomatik və əhəmiyyətli dərəcədə artacağı anlamına gəlmir. Əsas dəyişiklik əmək münasibətlərinə nəzarət mexanizminin təkmilləşdirilməsidir. Əmək Müfəttişliyi və Dövlət Vergi Xidməti əmək müqavilələrində minimum saatlıq əməkhaqqı tələbinə əməl olunmasına daha effektiv nəzarət edə biləcək".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram