"Samsung" mənfəət rekorduna imza atdı | Banco.az

"Samsung" mənfəət rekorduna imza atdı

Müəllif:Mehin Qasımova,Banco.az

Cənubi Koreyanın texnologiya nəhəngi "Samsung" bu ilin üçüncü rübündə rekord maliyyə nəticələri açıqlayıb.

Şirkətin əməliyyat mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 9 dəfə artaraq 107,4 trilyon von təşkil edib.

Banco.az xəbər verir ki, şirkətin gəliri illik müqayisədə 126,9% artaraq 195,3 trilyon vona, xalis mənfəəti isə 75,13 trilyon vona çatıb.

Mənfəətin kəskin artmasında süni intellekt texnologiyalarında istifadə olunan yaddaş çiplərinə tələbatın yüksəlməsi əsas rol oynayıb. Samsung-un yarımkeçirici bölməsi 106,5 trilyon von əməliyyat mənfəəti əldə edib. Bu, şirkətin ümumi əməliyyat mənfəətinin təxminən 99%-ni təşkil edir.

Bununla belə, şirkətin istehlak elektronikası biznesində vəziyyət fərqli olub. Smartfon, televizor və məişət texnikası sahələrində artan komponent və istehsal xərcləri zərərlə nəticələnib. Smartfon və şəbəkə avadanlıqları bölməsinin əməliyyat zərəri 600 milyard von, televizor və məişət texnikası bölməsinin zərəri isə 200 milyard von təşkil edib.

"Samsung" süni intellekt çiplərinə artan tələbatdan yararlanmaq üçün investisiyalarını da artırır. Şirkət 2026-cı ildə kapital qoyuluşlarının təxminən 84,4 trilyon vona çatacağını proqnozlaşdırır.