Müəllif: Şəbnəm İbrahimxəlilova,Banco.az
Amerikali sahibkar Zak Klark şəxsi həyatında üzləşdiyi çətinlikləri başqalarına kömək etmək məqsədinə çevirərək öz biznesini qurub. 2017-ci ildə kiçik komanda ilə yaratdığı “Release Recovery” bu gün 120-dən çox əməkdaşı olan, psixi sağlamlıq və asılılıq problemləri ilə mübarizə aparan insanlara dəstək göstərən bir təşkilata çevrilib. Onun hekayəsi şəxsi təcrübənin necə biznes ideyasına çevrilə biləcəyini göstərir.
Zak Klarkın hekayəsi ənənəvi sahibkarlıq uğuru nümunələrindən fərqlənir. Onun biznes qurmaq qərarının arxasında yalnız bazardakı fürsət deyil, şəxsi həyatında yaşadığı ağır təcrübələr dayanır.
Klarkın açıqlamalarına görə, 2008-ci ildə keçirdiyi beyin əməliyyatından sonra ağrıkəsici preparatlardan istifadə etməsi zamanla ciddi asılılıq probleminə çevrilib. Sonrakı illərdə onun həyatı narkotik asılılığı ilə mübarizə, müalicə və yenidən həyata qayıtmaq cəhdləri ilə müşayiət olunub.
2011-ci ilin avqustunda müalicədən sonra ayıq həyata qayıtmağa başlayan Klark həyatını dəyişmək üçün yeni istiqamət seçib. O, müalicə prosesində gördüyü dəstəyi və mütəxəssislərin rolunu öz gələcək fəaliyyətinin əsas istiqamətinə çevirib.
Klark sonradan verdiyi müsahibələrdə məhz bu təcrübənin ona yeni məqsəd qazandırdığını bildirib. O, şəxsi həyatında aldığı dəstəyin oxşar problemlərlə üzləşən digər insanlara da əlçatan olmasını istəyib.
Beş illik təcrübədən öz biznesinə
Klark müalicədən sonra Nyu-Yorka köçərək davranış sağlamlığı sahəsində işləməyə başlayıb. Təxminən beş il ərzində bu sektorda təcrübə toplayıb, birbaşa müştərilərlə işləyib və rəhbər vəzifələrə yüksəlib.
Bu müddət ona sahənin ehtiyaclarını, müalicə prosesində ailələrin rolunu və insanların üzləşdiyi çətinlikləri daha yaxından anlamaq imkanı verib.
2017-ci ildə isə Klark öz biznesini qurmaq qərarına gəlib. Beləliklə, “Release Recovery” fəaliyyətə başlayıb. Təşkilatın əsas məqsədi asılılıq və psixi sağlamlıq problemləri yaşayan insanlara fərdi ehtiyaclarına uyğun dəstək göstərmək olub.
Klarkın 2026-cı ilin yanvarında “Forbes” jurnalına verdiyi müsahibəyə görə, biznes ilk mərhələdə cəmi bir neçə nəfərdən ibarət komanda ilə fəaliyyətə başlayıb. Onun sözlərinə görə, həmin vaxt şirkətin arxasında böyük infrastrukturdan daha çox ideya, təcrübə və insanlara kömək etmək istəyi dayanırdı.
“Release Recovery” ilkin mərhələdə keçid yaşayış evləri və sağalma prosesində olan insanlar üçün dəstək xidmətləri ilə fəaliyyət göstərib. Zaman keçdikcə təşkilatın xidmət istiqamətləri genişlənib.
2019-cu ildə Klark və tərəfdaşları müalicə xərclərini qarşılamaqda çətinlik çəkən insanlara yardım etmək məqsədilə “Release Recovery Foundation” fondunu yaradıblar. Fondun əsas istiqamətlərindən biri maddi imkanları məhdud olan şəxslərin müalicəyə çıxışını asanlaşdırmaqdır. Təşkilatın rəsmi məlumatına görə, 2023-cü ildə klinik proqram və müalicə məkanı yaradılıb. 2024-cü ildə isə kollec tələbələrinin psixi sağlamlıq və rifah ehtiyaclarına yönəlmiş “Release U” xidməti istifadəyə verilib. 2025-ci ildə təşkilat Texas ştatının Ostin şəhərində müalicə proqramı əldə etməklə fəaliyyətini genişləndirib.
Beləliklə, şirkət təkcə yaşayış və reabilitasiya dəstəyi göstərən qurum olaraq qalmayıb, müxtəlif mərhələlərdə insanlara yardım edən daha geniş xidmət sisteminə çevrilib.
2026-cı ildə “Release Recovery”nin rəsmi saytında təşkilatın 120-dən çox əməkdaşı, müxtəlif proqramları üzrə ümumilikdə 90 çarpayısı və 30-dan çox kollecə xidmət göstərən psixi sağlamlıq tətbiqi olduğu qeyd edilir.
“Release Recovery”nin inkişafında diqqət çəkən məqamlardan biri xidmətlərin müxtəlif ehtiyaclara uyğunlaşdırılmasıdır. Asılılıq və psixi sağlamlıq problemləri yaşayan insanların hamısının eyni dəstəyə ehtiyacı olmur. Bəzi şəxslər müalicəyə başlamalı, digərləri isə müalicədən sonra gündəlik həyata uyğunlaşmaq və uzunmüddətli dəstək almaq istəyirlər. Təşkilatın müxtəlif xidmət istiqamətləri bu ehtiyacların fərqli mərhələlərini əhatə etməyə yönəlib.
Şirkətin fəaliyyətində kommersiya xidmətləri ilə yanaşı, sosial məqsəd daşıyan təşəbbüslər də mövcuddur. “Release Recovery” xidmət göstərən biznes kimi fəaliyyət göstərir, “Release Recovery Foundation” isə maddi maneələrə görə müalicə ala bilməyən insanlara yardım etməyə çalışır.
Zak Klarkın adı geniş auditoriyaya yalnız sahibkarlıq fəaliyyəti ilə tanış olmayıb. O, 2020-ci ildə ABŞ-da yayımlanan “The Bachelorette” televiziya proqramının 16-cı mövsümündə iştirak edib. Proqram zamanı şəxsi həyatındakı çətinliklər və asılılıqdan sağalma təcrübəsi haqqında danışması onun hekayəsinin daha geniş auditoriyaya çatmasına kömək edib. Bu tanınma “Release Recovery Foundation”un fəaliyyətinə də diqqət yönəldib. Fondun rəsmi məlumatında Klarkın televiziya proqramında iştirakından sonra təşkilatın daha çox tanındığı qeyd olunur. Bununla belə, onun biznes uğurunu yalnız televiziya şöhrəti ilə izah etmək düzgün olmazdı. Release “Recovery” proqramdan əvvəl, 2017-ci ildə yaradılmışdı. Klark artıq bir neçə il ərzində sahə üzrə təcrübə toplamış və xidmət modelini inkişaf etdirməyə başlamışdı.
Deməli, ictimai tanınma biznesin fəaliyyətinə əlavə diqqət qazandırsa da, təşkilatın yaranmasının əsas səbəbi şəxsi təcrübə, sahə biliyi və konkret sosial ehtiyaca cavab vermək istəyi olub.
Onun hekayəsinin əsas nəticəsi çətinliklərin öz-özünə uğura çevrilməsi deyil. Əsas məsələ yaşanan təcrübədən nəticə çıxarmaq, müəyyən sahədə bilik toplamaq və həmin bilikləri başqalarına fayda verən davamlı fəaliyyətə çevirməkdir.
