İşçi 6 ay tamam olmadan məzuniyyətə çıxa bilərmi? | Banco.az

İşçi 6 ay tamam olmadan məzuniyyətə çıxa bilərmi?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Əmək məzuniyyəti işçilərin hər tərəfli istirahət etməsi üçün nəzərdə tutulub. Lakin işçilərin məzuniyyət hüququndan nə vaxt və hansı şərtlərlə istifadə edə bilməsi ilə bağlı praktikada müəyyən suallar yaranır. Xüsusilə ilk iş ilində 6 aylıq müddət və bu qaydaya tətbiq olunan istisnalar tez-tez yanlış anlaşılır. Bəs işçi nə vaxtdan məzuniyyət hüququ əldə edir və hansı hallarda 6 ay gözləmədən məzuniyyətə çıxa bilər?

Banco.az-ın bu sualına vəkil Qasım Şaliyev cavab verib. 

Vəkil ilk növbədə qeyd edib ki, məzuniyyət məsələsindən danışa bilməyimiz üçün işçi ilə çalışdığı yer arasında əmək müqaviləsi olmalıdır: "Hazırda qüvvədə olan qanunvericiliyə əsasən əmək müqaviləsi elektron qaydada, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron resurslarında yerləşdirilmiş ƏMAS portalı vasitəsilə rəsmiləşdirilir. Bu baxımdan, məzuniyyətdən danışa bilməyimiz üçün ilk növbədə etibarlı əmək müqaviləsinin olması vacibdir.

İkinci olaraq qeyd etmək istərdim ki, ümumi olaraq əmək məzuniyyəti işçinin həm mental, həm sağlamlıq, həm də psixoloji baxımdan əmək qabiliyyətini və əmək qüvvəsini bərpa etməsi üçün Əmək Məcəlləsində nəzərdə tutulub. Ümumi qaydada əmək məzuniyyətinin müddəti 21 gündür. Lakin müəyyən peşələr və vəzifələr üzrə bu müddət 30 gün, bəzi hallarda isə 36 gün və daha çox ola bilər. Bu, işçinin tutduğu vəzifənin və peşənin xarakterindən asılıdır.

Normalda Əmək Məcəlləsinə əsasən işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ, bir qayda olaraq, 6 ay işlədikdən sonra yaranır. Burada çox vacib bir məqam var. İşçinin məzuniyyət hüququ işə başladığı andan yaranır, sadəcə həmin hüquqdan istifadə etmək imkanı bir qayda olaraq 6 aydan sonra yaranır.

Praktikada bu məsələ ilə bağlı çox vaxt yanlış anlaşılmalar olur. Məsələn, işçi bir ay işləyib işdən çıxır və işəgötürən bildirir ki, 6 ay tamam olmadığı üçün istifadə edilməmiş məzuniyyətə görə son haqq-hesab ödənilə bilməz. Bu yanaşma düzgün deyil. İşçi bir ay, hətta bir gün və ya iki gün işləyibsə belə, artıq onun məzuniyyət hüququ yaranıb. Sadəcə həmin hüquqdan istifadə məsələsi fərqlidir".

Q. Şaliyevin sözlərinə görə, sonrakı iş illərində isə bu baxımdan problem yoxdur: "Məzuniyyətin vaxtı işçi ilə işəgötürən arasında razılaşdırılmaqla müəyyən edilə bilər. Hətta bəzi müəssisələrdə ilin əvvəlindən işçilərin fikirləri nəzərə alınaraq məzuniyyət cədvəli hazırlanır. Bu da əmək intizamının düzgün tətbiqi və istehsalat prosesinin daha səmərəli şəkildə tənzimlənməsi baxımından faydalı bir yoldur və bu tətbiqatın gələcəkdə daha da genişləndirilməsi mümkündür.

Nəticə etibarilə, ölkəmizdə əmək qanunvericiliyinə əsasən təməl norma ondan ibarətdir ki, işçinin birinci iş ili üçün məzuniyyətdən istifadə hüququ, bir qayda olaraq, 6 aydan sonra həyata keçirilir. Lakin 6 aylıq müddət nəzərə alınmadan müəyyən kateqoriyalı işçilər üçün daha tez əmək məzuniyyətindən istifadə etmək imkanı da var.

Bunlara hamiləlik və doğuşa görə məzuniyyətə çıxan qadınlar, 18 yaşına çatmamış işçilər, hərbi xidmətdən qayıtdıqdan sonra 3 ay keçənədək işə götürülən şəxslər, əsas iş yerində məzuniyyətə çıxan və əvəzçilik üzrə çalışan işçilər, hərbi qulluqçuların ailə üzvləri, eləcə də təhsil müəssisələrində oxuyan və kurs işi və ya diplom müdafiəsi məzuniyyət dövrünə düşən şəxslər və əlilliyi olan şəxslər daxildir. Bu kateqoriyadan olan şəxslər birinci iş ili üçün 6 aylıq müddət tamamlanmadan da məzuniyyət hüququndan istifadə edə bilərlər".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram