"Süni intellekt bumu yeni maliyyə sabitliyi riskləri yaradır" | Banco.az

"Süni intellekt bumu yeni maliyyə sabitliyi riskləri yaradır"

Müəllif:Mehin Qasımova,Banco.az

Süni intellektin sürətli inkişafı və bu sahəyə yatırılan milyardlarla dollarlıq investisiyalar qlobal maliyyə sabitliyi üçün yeni risklər yarada bilər.

Banco.az xəbər verir ki, bunu Beynəlxalq Ödənişlər Bankının (BIS) prezidenti Pablo Hernandez de Kos Hindistan Ehtiyat Bankının təşkil etdiyi konfransda bildirib.

Onun sözlərinə görə, süni intellektin iqtisadiyyat üçün böyük potensialı olsa da, texnologiyanın uzunmüddətli təsiri hökumətlərin siyasət seçimlərindən, insan kapitalına və infrastruktura yatırılan investisiyalardan, eləcə də bu texnologiyanın yaratdığı faydaların nə dərəcədə geniş yayılmasından asılı olacaq.

BIS prezidenti bildirib ki, süni intellekt sahəsində müşahidə olunan investisiya bumu getdikcə şirkətlərin əldə etdiyi gəlirlərdən deyil, borclanma və özəl kreditlər hesabına maliyyələşdirilir.

Hernandez de Kosun fikrincə, maliyyələşmənin əhəmiyyətli hissəsinin qeyri-şəffaf və bir-biri ilə əlaqəli strukturlar vasitəsilə həyata keçirilməsi xüsusi diqqət tələb edir.

O, yüksək şirkət qiymətləndirmələri, bazarın bir neçə böyük şirkətin əlində cəmləşməsi və mürəkkəb maliyyələşdirmə mexanizmlərinin potensial zəifliklər yarada biləcəyini vurğulayıb. Xüsusilə, gələcəkdə süni intellektdən gözlənilən kommersiya gəlirlərinin proqnozlardan aşağı olması maliyyə bazarlarında riskləri artıra bilər.

BIS prezidenti hazırkı vəziyyətlə bağlı ehtiyatlı davranmağın vacibliyini qeyd edib:

“Demirəm ki, süni intellekt bumu mütləq mənfi nəticələrə gətirib çıxaracaq. Lakin hazırkı investisiya bumunun miqyası və sürəti, eləcə də gözlənilən biznes gəlirlərinin rolu müəyyən dərəcədə ehtiyatlı olmağı tələb edir”.

Hernandez de Kos hazırkı süni intellekt bumunu tarixdə baş vermiş bəzi böyük investisiya dalğaları, o cümlədən dəmir yolu infrastrukturunun genişləndirilməsi dövrü və “dotcom” bumu ilə müqayisə edib.

O, həmçinin bildirib ki, süni intellekt mərkəzi bankların pul siyasəti ilə bağlı vəzifələrini əvəz etmir. Bununla belə, texnologiyanın tələbə, təklifə və maliyyə bazarlarına təsiri iqtisadi proseslərin qiymətləndirilməsini daha da mürəkkəbləşdirə bilər.

BIS-in hesablamalarına əsasən, dünyanın ən böyük beş texnologiya şirkəti 2025-2026-cı illərdə süni intellekt sahəsinə ümumilikdə 1 trilyon dollardan çox investisiya yatıracaq.

Sənaye proqnozlarına görə isə qlobal süni intellekt investisiyalarının həcmi 2030-cu ilə qədər hazırkı təxminən 500 milyard dollardan 4 trilyon dollara yüksələ bilər.