Müəllif:Mehin Qasımova,Banco.az
Rusiya Mərkəzi Bankı sentyabrın 1-dən ölkədə rəqəmsal rublun geniş istifadəyə veriləcəyini açıqlayıb.
Banco.az xəbər verir ki, bununla əlaqədar olaraq ölkənin ən böyük bankları və pərakəndə satış şirkətləri rəqəmsal rublla əməliyyatların aparılması üçün zəruri infrastrukturu istifadəyə verəcək.
Vətəndaşlar iştirakçı bankların mobil tətbiqləri vasitəsilə rəqəmsal rubl hesabları aça biləcəklər. Onlar bank hesablarından rəqəmsal rubl hesablarına ayda 300 min rubla qədər vəsait köçürə biləcəklər. Bizneslər üçün isə bu köçürmələrə limit tətbiq olunmayacaq.
Rəqəmsal rubl Rusiya Mərkəzi Bankı tərəfindən buraxılan milli valyutanın üçüncü formasıdır. O, kriptovalyuta hesab edilmir və nağd pul və bank hesablarında saxlanılan rublla eyni dəyərə malikdir.
Rusiya Mərkəzi Bankı rəqəmsal rubldan digər ölkələrin mərkəzi banklarının rəqəmsal valyutaları ilə birlikdə beynəlxalq ödənişlərdə istifadə imkanları üzərində də işləyir. Məqsəd beynəlxalq ödənişlər zamanı vasitəçilərdən asılılığı azaltmaq, əməliyyat xərclərini aşağı salmaq və sanksiyalarla bağlı riskləri minimuma endirməkdir.
Qeyd edək ki, Avropa İttifaqı aprelin 23-də qəbul etdiyi 20-ci sanksiyalar paketində rəqəmsal rubldan istifadə etməklə həyata keçirilən əməliyyatları qadağan edib.
