Hamburgerlə iqtisadiyyatı anlamaq olarmı? – Big Mac indeksi nədir? | Banco.az

Hamburgerlə iqtisadiyyatı anlamaq olarmı? – Big Mac indeksi nədir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ölkələrin iqtisadi gücünü müqayisə etmək üçün ÜDM, inflyasiya və alıcılıq qabiliyyəti kimi müxtəlif göstəricilərdən istifadə olunur. Bunlardan ən məşhurlarından biri isə Big Mac indeksidir.

Banco.az xəbər verir ki, bu qeyri-rəsmi iqtisadi göstərici müxtəlif ölkələrdə valyutaların dəyərini və alıcılıq qabiliyyətini sadə üsulla müqayisə etməyə imkan verir.

Big Mac indeksi nədir?

Big Mac indeksi müxtəlif ölkələrin valyutalarının alıcılıq qabiliyyətini müqayisə etmək üçün istifadə olunan qeyri-rəsmi iqtisadi göstəricidir. İndeks adını McDonald's-ın bütün dünyada eyni reseptlə satdığı Big Mac hamburgerindən götürür.

Bu indeks ilk dəfə 1986-cı ildə "The Economist" jurnalı tərəfindən təqdim edilib. Məqsəd alıcılıq qabiliyəti pariteti nəzəriyyəsini sadə və hər kəs üçün anlaşılan formada izah etmək idi.

Big Mac indeksi necə işləyir?

İndeks eyni məhsulun müxtəlif ölkələrdəki qiymətlərini müqayisə edir. Nəzəriyyəyə görə, eyni məhsul bütün ölkələrdə eyni dəyərə malik olmalıdır. Qiymətlər arasındakı fərq isə valyutanın ABŞ dollarına nisbətən həddindən artıq dəyərli və ya dəyərsiz olduğunu göstərir.

Big Mac indeksi nə üçün istifadə olunur?

Bu göstərici:

  • Valyutaların real dəyərini müqayisə etmək;

  • Ölkələrin alıcılıq qabiliyyətini qiymətləndirmək;

  • Alıcılıq qabiliyyəti pariteti anlayışını sadə formada izah etmək;

  • İqtisadi təhlillərdə və tədris məqsədləri üçün istifadə olunur.

Big Mac-ın qiymətinə xammal, əməkhaqqı, icarə, vergi və digər xərclər daxil olduğundan, indeks ölkələrin iqtisadi şəraiti haqqında ümumi təsəvvür yaradır.

Big Mac indeksi etibarlıdırmı?

Big Mac indeksi ölkələrin alıcılıq qabiliyyəti və valyutalarının nisbi dəyəri haqqında ümumi təsəvvür yaradan məşhur iqtisadi göstəricilərdən biridir. Bununla belə, iqtisadçılar hesab edirlər ki, bu indeks yalnız təxmini fikir verir və rəsmi iqtisadi ölçü kimi qəbul edilmir.

Bunun əsas səbəbi odur ki, Big Mac-ın qiymətinə təsir edən amillər ölkədən-ölkəyə əhəmiyyətli dərəcədə fərqlənir. Əməkhaqqı, icarə, logistika, xammal və vergilər müxtəlif olduğundan eyni məhsulun qiyməti də dəyişir. Bundan əlavə, McDonald's bir çox ölkədə və hətta eyni ölkənin müxtəlif şəhərlərində fərqli qiymət siyasəti tətbiq edir.

Bu səbəbdən Big Mac indeksi dəqiq iqtisadi hesablamalar üçün uyğun göstərici sayılmır. Lakin qida xərcləri alıcılıq qabiliyyətinin vacib elementlərindən biri olduğu üçün indeks ölkələr arasında yaşayış xərcləri və valyutaların nisbi dəyəri barədə sadə və anlaşılan müqayisə aparmağa imkan verir.

Qısacası, Big Mac indeksi iqtisadiyyat haqqında ümumi təsəvvür yaratsa da, investisiya və ya iqtisadi qərarlar qəbul etmək üçün kifayət qədər etibarlı göstərici hesab edilmir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram