Müəllif:Mehin Qasımova,Banco.az
Numbeo-nun 2026-cı il Səhiyyə Xidmətləri İndeksi açıqlanıb.
Banco.az xəbər verir ki, araşdırmada tibbi xidmətin keyfiyyəti, səhiyyə infrastrukturu, tibb işçilərinin peşəkarlığı, gözləmə müddəti və xidmətlərin dəyəri kimi göstəricilər ictimai sorğular əsasında qiymətləndirilib.
Reytinqdə Tayvan 87,1 indeks balı ilə ilk sırada qərarlaşıb. Ölkədə səhiyyəyə adambaşına illik orta hesabla 2,4 min ABŞ dolları xərclənir.
İkinci yerdə 82,9 balla Cənubi Koreya, üçüncü yerdə 81,5 balla Hollandiya qərarlaşıb. İlk onluqda Yaponiya, Avstriya, Ekvador, Finlandiya, Tayland, Danimarka və İspaniya da yer alıb.
Diqqətçəkən məqamlardan biri isə ABŞ-la bağlıdır. Dünyada adambaşına səhiyyəyə ən çox vəsait xərcləyən ölkə olmasına baxmayaraq, ABŞ ümumi reytinqdə yalnız 40-cı yeri tutub. Məlumata görə, ABŞ-da adambaşına illik səhiyyə xərcləri təxminən 13,5 min dollar təşkil edir.
Hesabat müəllifləri bildirirlər ki, yüksək səhiyyə xərcləri hər zaman daha keyfiyyətli tibbi xidmət demək deyil. Reytinq göstərir ki, geniş əhatə dairəsi, profilaktik tibbi xidmətlər və sistemin səmərəli idarə olunması yüksək nəticələrin əldə edilməsində daha mühüm rol oynayır.
Araşdırmaya əsasən, Avropa və Asiya ölkələri səhiyyə xidmətlərinin keyfiyyətinə görə üstünlük təşkil edir. Xüsusilə Skandinaviya və Qərbi Avropa ölkələri tibbi xidmətlərə əlçatanlıq, aşağı maliyyə maneələri və yüksək pasiyent məmnuniyyəti ilə seçilir.
Bununla yanaşı, Tayland və Ekvador kimi ölkələr nisbətən aşağı səhiyyə xərclərinə baxmayaraq ilk onluğa daxil olmağı bacarıb. Bu isə səhiyyə sisteminin səmərəliliyinin xərclərin həcmindən daha vacib ola biləcəyini göstərir.
Reytinqin son pilləsində isə uzun illər davam edən müharibə nəticəsində səhiyyə infrastrukturu ciddi zərər görmüş Suriya qərarlaşıb. Siyahının son sıralarında həmçinin Venesuela, Banqladeş, İraq və bir sıra Afrika ölkələri yer alır.
İlk onluq belədir:

