Müəllif:Mehin Qasımova,Banco.az
Avropa Birliyi liderləri Brüsseldə keçirilən sammitdə Rusiyaya qarşı iqtisadi sanksiyaların daha 12 ay müddətinə uzadılması barədə qərar qəbul ediblər.
Banco.az xəbər verir ki, bu vaxta qədər sanksiyalar hər 6 aydan bir yenilənirdi. Yeni qərarla sanksiyalar ilk dəfə olaraq bir il müddətinə uzadılıb.
Aİ liderləri Rusiyaya təzyiqi artırmaq niyyətində olduqlarını bildiriblər. Onlar 20-ci sanksiya paketi çərçivəsində Rusiyanın “kölgə donanması”na qarşı tətbiq olunan tədbirləri dəstəkləyib və 21-ci sanksiya paketinin qısa zamanda qəbul edilməsinə çağırıblar.
Bununla yanaşı, liderlər Rusiyanın enerji gəlirlərinin daha da azaldılmasının, bank sektoruna qarşı əlavə məhdudiyyətlərin tətbiq edilməsinin və “kölgə donanması” ilə bağlı təhlükəsizlik və ekoloji risklərə qarşı birgə tədbirlərin vacibliyini vurğulayıblar.
Sammit iştirakçıları həmçinin sanksiyalarla bağlı G7 ölkələri ilə əməkdaşlığı yüksək qiymətləndiriblər.
Aİ liderləri Şimali Koreyanın Ukraynaya qarşı hərbi qüvvələr göndərməsini, eləcə də İran, Belarus və Şimali Koreyanın Rusiyaya hərbi dəstəyini qətiyyətlə pisləyiblər.
