AMB Sumqayıtda keçirilən vətəndaş qəbullarının əlçatanlığını artırır | Banco.az

AMB Sumqayıtda keçirilən vətəndaş qəbullarının əlçatanlığını artırır

Azərbaycan Mərkəzi Bankı (AMB) Sumqayıtda vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və əlçatanlığın artırılması məqsədilə daha bir addım atıb.

Qurum xəbər verir ki, iyunun 15-dən şəhərdə yerləşən "ASAN xidmət" mərkəzində də (Ünvan: Bulvar küçəsi, 66) vətəndaşlar qəbul ediləcək.

Bu yanaşma vətəndaşlar üçün əlçatanlığın artırılmasına, qəbul prosesində vaxt itkisinin azaldılmasına xidmət edir.

Bu ilin fevral ayından vətəndaşların qəbulu ASAN-2 (Ünvan: Bakı şəhəri, 8 Noyabr prospekti, 23) və ASAN-5 (Ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti, 115) mərkəzlərində həyata keçirilir.

Bakı şəhəri ilə yanaşı, regionlarda da vətəndaş qəbulu həyata keçirilməkdədir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikasında yerləşən ASAN xidmət mərkəzində (Ünvan: Naxçıvan şəhəri, Seyid Cəfər Pişəvəri küçəsi, 7), Yevlax şəhəri, Heydər Əliyev prospekti, 82 ünvanında, Biləsuvar şəhəri, Heydər Əliyev küçəsi, 2B ünvanında yerləşən qurumun ərazi idarələrində vətəndaş qəbulu otağı fəaliyyət göstərməkdədir. Eyni zamanda il ərzində müxtəlif şəhər və rayonlarda səyyar qəbullar təşkil olunur.

Vətəndaş qəbulu ilə bağlı əlavə məlumat üçün Mərkəzi Bankın "966" Çağrı Mərkəzinə müraciət etmək mümkündür.