Müəllif: Gülnar Əhmədli, Banco.az
Son günlərdə bölgələrdə yağan güclü yağışlar, dolu kənd təsərrüfatına ziyan vurubb. Əkin sahələri zərər görüb. Bu səbəblə yay mövsümündə məhsuldarlığın aşağı olacağı və meyvə-tərəvəzin bahalaşacağı müzakirə olunur.
İqtisadçı alim Vüsalə Əhmədova mövzu ilə bağlı açıqlamasında Banco.az-a bildirib ki, müəyyən məhsullarda qiymət artımı ehtimalı var əlbətdə, amma bunun miqyası ziyanın nə qədər geniş yayılmasından asılıdır:
"Aqrar Sığorta Fondu yalnız bu ilin əvvəlindən kənd təsərrüfatına təxminən 13 milyon manatlıq ziyan dəydiyini açıqlayıb. Ancaq qiymətlərin dərhal və bütün məhsullarda artacağını demək də düzgün olmaz. Zərər görən sahələrə taxıl, tərəvəz, meyvə bağları və digər əkinlər daxildir. Xüsusilə, doludan zərər görən bağ məhsullarında, kartof, soğan kimi açıq sahədə yetişdirilən məhsullarda bahalaşma mümkündür".

İqtisadçının sözlərinə görə, ən böyük risk yay aylarında bazara çıxacaq meyvə-tərəvəz məhsullarında hiss olunacaq:
"Dolu birbaşa meyvə ağaclarına zərbə vurur. Ərik, şaftalı, gilas, alça, alma kimi məhsullar çiçəkləmə və ya formalaşma dövründə zədələnəndə məhsul azalır. Həmçinin, açıq sahədə becərilən tərəvəzlər güclü yağış və doluya qarşı daha həssasdır. Bu da yay aylarında bazara çıxan məhsulun həcmini azaldır. Bu səbəblə bazarlarda yerli meyvə-tərəvəzin qiymətində 10-30% arası qiymət artımı görmək mümkündür. Onu da nəzərə almalıyıq ki, Azərbaycanın bəzi bölgələri zərər görsə də, bütün ölkədə məhsul itkisi eyni səviyyədə deyil. İdxal məhsulları bazardakı çatışmazlığı qismən kompensasiya edə bilər. Həmçinin, mövsüm yeni başladığı üçün bəzi əkinlər yenidən bərpa oluna bilər".
Bizi sosial şəbəkələrdən izləyin!!
