Çində 2014-cü il ərzində 5 özəl bank fəaliyyətə başlaya bilər | Banco.az

Çində 2014-cü il ərzində 5 özəl bank fəaliyyətə başlaya bilər

Ölkənin bank sisteminin tənzimləyici orqanı tərəfindən verilən məlumata görə, bu il Çin rəhbərliyi iqtisadi artıma dəstək vermək məqsədilə ölkə ərazisində 5 özəl bankın yaradılmasına şərait yaradacaq. Analitiklər bildirir ki, Kommunist Partiyasının daha güclü iqtisadiyyat yaratmaq məqsədinə nail olmaq üçün Çin banklarının yoxlanılmasına ehtiyac var.

Çin bank sektorunun tənzimləyici komissiyası bildirib ki, bəyanatda bank sektorunda özəl kapitala yer verilməsinin əhəmiyyəti xüsusilə vurğulanacaq.

Bütün tədbirlər "idarəetmənin müasirləşdirilməsi" məqsədilə həyata keçirilir.

Kommunist liderlər əsas sənaye sahələri üzərində nəzarəti əldən verməməklə yanaşı, eyni zamanda Çin iqtisadiyyatında rəqabət anlayışı formalaşdırmaq istəyirlər. Bundan əlavə, onlar daxili istehlakın təşviqi vasitəsilə iqtisadi göstəriciləri yüksəltmək, eləcə də ticarət və investisiya asılılığına son qoymaq niyyətindədirlər.

Keçən ilin ikinci rübündə Çinin iqtisadi artımında 7.5% azalma müşahidə olunmuşdur. 3-cü rübdə iqtisadi göstəricilərdə 7.8% artım müşahidə olundu. Kabinet isə illik artımın 7.6%- çatacağını və bu göstəricinin 1999-cu ildən sonra ən aşağı iqtisadi göstərici olacağını gözlədiyini bildirdi.

Ən sərfəli kredit üçün müraciət et

Noyabr ayında nəşr edilən islahat planında resursların bölüşdürülməsi məsələsində bazarın həlledici rola sahib olacağı və daha çox sənaye sahələrinin inkişafına şərait yaradılacağı planları yer almışdır. Eyni zamanda bu plan bir daha təsdiqlədi ki, dövlət mülkiyyəti iqtisadiyyatın əsası olaraq qalmaqdadır.

Çin banklarında edilən istənilən dəyişiklik siyasi baxımdan nəticələnə bilər. Çünki onlar iqtisadiyyatın idarə edilməsində və şirkətlərə dəstək verilməsində aparıcı partiyanın ən güclü vasitəsi hesab olunurlar.

Özəl sektor analitikləri keçən il ərzində ümumi kredit həcminin 18%-dək artdığını müəyyən etmişlər. Bu göstərici Mərkəzi bankın 13%-lik hədəf göstəricisindən yüksəkdir.

Verilmiş məlumatlara görə, son 3 il ərzində yerli hakimiyyət orqanlarına məxsus borcların həcmi 70% artaraq, 17.7 trilyon yuana (2.9 trilyon dollar) çatmışdır. Bundan əlavə, borcların səviyyəsinin sürətlə yüksəldiyi və borc götürmə səviyyəsi üzərində yerli liderlərin nəzarətinin təşkilinə ehtiyac duyulduğu qeyd edilmişdir.

İqtisadçıların fikrincə, borc səviyyəsini idarə etmək mümkündür. Lakin borc səviyyəsindəki artım sürətli olarsa, bu hal maliyyə sistemi üçün ciddi təhlükə yarada bilər. 

Banco.az/Sevinc İbadova