Avropanın ən böyük bankı gözləniləndən daha böyük mənfəət açıqlayıb | Banco.az

Avropanın ən böyük bankı gözləniləndən daha böyük mənfəət açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

HSBC gözləniləndən daha yüksək mənfəət əldə etdiyini bildirib.

Banco.az xəbər verir ki, “HSBC Holdings” 2025-ci il üzrə gözləntiləri üstələyən mənfəət açıqlayıb.

Gəlirlərinin əsas hissəsini Asiyadan əldə edən London mərkəzli bank çərşənbə günü yaydığı hesabatda illik vergidən əvvəlki mənfəətinin 29,9 milyard dollar təşkil etdiyini bildirib. Bu göstərici bankın özü tərəfindən tərtib edilmiş analitik proqnozu — 28,9 milyard dolları — geridə qoyub. Bankın bazar dəyəri tarixində ilk dəfə olaraq 200 milyard funt sterlinqi (270 milyard dollar) ötüb.

Maliyyə nəticələri aktivlərin idarə olunması sahəsində və Honq Konqdakı əsas əməliyyatlarda qeydə alınan güclü göstəricilər hesabına dəstəklənib. “HSBC Holdings” həmçinin 1,5 milyard dollar həcmində xərc azaldılması hədəfinə ilin ilk yarısında, yəni planlaşdırılandan altı ay əvvəl çatmağı gözlədiyini açıqlayıb.

Bank orta müddətli hədəflərini də bölüşərək 2026–2028-ci illər üzrə birdəfəlik maddələr istisna olmaqla ən azı 17 faiz səviyyəsində özkapital gəlirliliyi proqnozlaşdırdığını bildirib.

Bankın Honkonqdakı fəaliyyətlərindən əldə etdiyi gəlir 6 faiz artaraq 15,9 milyard dollara çatıb. Böyük Britaniyadakı əməliyyat gəlirləri isə 5 faiz yüksələrək təxminən 12,9 milyard dollar olub.

Bankın səhmləri bu gün Honkonqda 4 faizdən çox bahalaşıb. Səhm qiymətləri ayın əvvəlində tarixi maksimuma yüksəlib, bazar dəyəri isə dekabr ayında 200 milyard funt sterlinqi ötərək 1865-ci ildə təsis edilmiş bank üçün mühüm mərhələ yaradıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram