Tibbi sığorta zərərə keçmək üzrədir - ARAŞDIRMA | Banco.az

Tibbi sığorta zərərə keçmək üzrədir - ARAŞDIRMA

Azərbaycanda tibb xidmətlərinin bahalaşması tibbi sığorta biznesinə təsir etməyə başlayıb. Son vaxtlar tibb xərclərinin artması əhali və adi vətəndaşlarla yanaşı, sığorta şirkətlərinin də tibb xərclərini artırıb və nəticədə tibbi sığortanın zərərlilik əmsalı yüksəlib. Sığorta şirkətləri vəziyyətdən çıxış yolunu ya tibbi sığortanın bahalaşmasında, ya da, tibbi sığorta çərçivəsində xidmətlərə limit qoyulmasında görürlər.

 

Ən zərərli sığorta

Maliyyə Nazirliyinin ölkənin sığorta bazarı üzrə açıqladığı məlumatlara əsasən, bu ilin yanvar-noyabr aylarında tibbi sığorta üzrə yığımlar təqribən 9% artıb. Amma sığorta ödənişlərinin artımı daha ciddi olub. Belə ki, əgər 2012-ci ilin ilk 11 ayında toplanan 52 mln. 256,8 min manat sığorta haqqının müqabilində 35 mln. 258 min manat sığorta ödənişi həyata keçirilmişdisə, bu ilin eyni dövründə toplanmış 57 mln. 104,8 min manat sığorta haqqı müqabilində 41 mln. 919,8 min manat sığorta ödənişi verilib. Başqa sözlə, ötən il tibbi sığorta üzrə zərərlilik əmsalı 67,5% idisə, bu il həmin göstərici 73,4%-ə qalxıb. Bu göstərici ilə tibbi sığorta kütləvi sığortalar arasında ən zərərli sığorta növünə çevrilib.

 

Korporativ həmrəylik

Əslində tibbi sığorta üzrə zərərin böyük olması adi haldır - inkişaf etmiş ölkələrdə tibbi sığorta üzrə toplanan sığorta haqlarının təqribən 95%-i ödəniş şəklində yenidən müştərilərə qayıdır. Sığorta şirkətlərinə isə 5% çatanda bu yaxşı göstərici sayılır. Azərbaycanın sığorta şirkətləri belə hallardan sığortalanmaq üçün adətən korporativ müştərilərlə işləyirlər - yəni əsasən iri müəssisə və şirkətlərin əmək kollektivlərinin tibbi sığortası ilə məşğul olurlar və daha riskli təbəqə - fərdi müştərilərlə işləməyə ehtiyat edirlər. Çünki şirkətlərinin özünün də etiraf etdiyi kimi, fərdi müştəri ilə işləmək həddən artıq xərc tələb edir.

Amma hətta bu da Azərbaycanın sığorta şirkətlərini tibbi sığorta üzrə böyük zərərdən xilas edə bilməyib - tibbi sığrta üzrə ödənişlər orta hesabla 73% olsa da, əksər şirkətlərdə bu rəqəm 80-90%-ə, bəzilərində isə 100%-ə çatır.

 

Müasir avadanlıqlar müasir qiymətlər deməkdir

Tibbi sığorta üzrə ödənişlərin artmasının əsas səbəbi Azərbaycanda "tibbi inflyasiyadır" - sığortaçılar tibb  xidmət tariflərinin artmasını belə adlandırırlar.

A-qrup sığorta şirkətinin idarə heyəti sədrinin müavini Əli Bayramovun sözlərinə görə, ödənişlərin artmasının əsas səbəbi klinikalar tərəfindən göstərilən xidmətlərin bahalaşması, onun da səbəbi Azərbaycana bahalı tibbi avadanlıqlardan getdikcə daha çox istifadə olunmasıdır: "Son zamanlar ölkəyə yeni və çox bahalı avadanlıqlar gətirilir. Bu avadanlıqlar vasitəsilə göstərilən xidmətlər də nisbətən bahadır. Eyni zamanda müayinə və müalicə üsulları da tamamilə dəyişib - indi yeni, amma həm də bahalı müalicə üsulları tətbiq olunur. Bu da tibbi xidmətləri bahalaşdırır".

 

Tibb xidmətləri hər il 5-10% bahalaşır

"Standard İnsurance" sığorta şirkətinin tibbi sığortalar departamentinin direktoru Səbinə Quliyevanın sözlərinə görə tibbi xidmətlərin qiyməti hər il artır: "Cüzi də olsa ilin sonunda fərq edir. Müayinələr və müalicənin qiyməti hər il təqribən 10% artır. Amma elə xidmətlər var ki, onun qiymətlər 20-25% arta bilər. Məsələn, 25 manata olan konsultasiya 30 manata, 35 manata olan "UZİ" xidməti 40-45 manata və s. artır. Digər xidmətlərin qiyməti də 15-dən 20 manata, 20-dən 25 manata və s. artır".

Bundan başqa, sığortaçıların sözlərinə görə, tibb xidmətlərii ilə yanaşı dərmanlar da bahalaşır ki, bu da son nəticədə sığorta ödənişlərinin artımına səbəb olur. Nəticədə hazırda tibbi sığorta üzrə sığorta ödənişlərinin orta məbləği 5 min manata qədərdir: "Bakı üzrə orta məbləğ 5 minə çatır, əgər cərrahiyyə əməliyyatı aparılmırsa. Söhbət ambulator xidmət, dərman və s.-dən gedir".

Ən sərfəli kredit üçün müraciət et

 

Müştərilərin tələbkarlığı artıb

Tibbi sığorta ödənişlərinin digər mühüm cəhəti müştərilərin özünün bu məsələyə əvvəlkindən daha ciddi yanaşmasıdır. Səbinə Quliyevanın sözlərinə görə, əvvəllər sığortalanan şəxslər tibbi sığortaya ciddi baxmır, bunu formal hal sayırdılar: "Müştərilər əvvəllər buna dırnaqarası baxırdılar, hesab edirdiər ki, əgər həkim xəstəni sığortaya görə qəbul edirsə, ona yaxşı xidmət etməyəcək. Ona görə də xəstələr sığorta şirkətinin təklif etdiyi həkimlərdənsə, ailəvi həkimlərinə, tanıdıqları həkimlərə müraciət etməyə üstünlük verirdilər".

İndi isə vəziyyət dəyişib. S.Qulievanın sözlərinə görə, müasir tibb müəssisələrinin xidmətlərinin səviyyəsi yüksəlib: "Tibbi müəssisələrində həm avadanlıqlar yenilənib, həm də burada kooordinasiya daha yaxşı qurulur. Yəni bura sığortanın xətti ilə gələnlər gözləmirlər. Vaxtında keyfiyyətli xidmət ala bilirlər".

Bütün bunlar isə ...müştəriləri tibbi sığortadan maksimum istifadə etməyə həvəsləndirib. Nəticədə bu sığorta növü üzrə zərər əmsalı kəskin armağa başlayıb.

Məsələn "A-qrup" sığorta şirkətində bu rəqəm 75%-ə,  "Standard insurance"də isə 80-90%-ə çatıb.

 

Vəziyətdən çıxış yolu - tariflər artmalıdır

Başqa sığorta növləri üzrə 20-30% zərərə vərdiş etmiş sığorta şirkətləri üçün tibbi sığortanın 73%-lik zərər əmsalı həddən artıq yüksəkdir.

Vəziyyətdən çıxmaq üçün sığrta şirkətləri öz işlərində müəyyən yeniliklər edirlər, amma mütəxəssislərin fikrincə, əsas çıxış yolu tariflərin yüksəldilməsidir. Ə.Bayramovun sözlərinə görə, xidmətləri normal səviyyədə saxlamaq üçün tibi sığortanın qiyməti artmalıdır: ""A-qrup" şirkəti uzun müddət tibbi sığorta üzrə ixtisaslaşıb. Təbii ki, zərərlik artırsa, sığorta haqları da artmalıdır - əgər düzgün anderraytinqdən söhbət gedirsə. Amma bəzi şirkətlər isə normal anderraytinq aparmırlar - nəticədə sığorta haqqı aşağı olduğuna görə müştəri əldə edirlər - amma zərərliyi daha çox olur". Qeyd edək ki, son məlumatlara görə, tibbi sığorta üzrə orta tarif sığorta məbləğinin 0,77%-i ətrafındadır. Şirkət nümayəndəsinin sözlərinə görə, tibbi sığorta tariflərinin artırılması ilə bağlı sığorta şirkətləri arasında dəfələrlə müzakirələr aparılsa da, nəticəsi olmayıb: "Amma bizim şirkət vəziyyətə uyğun olaraq tarifləri artırır. Ona görə də, "A-qrup" bəlkə də, tibbi sığortadan gəlir əldə edən yeganə şirkətdir. .

"Standard İnsurance"nin nümaynədəsi Səbinə Quliyeva da tariflərin artımını təbii sayır: "Sığorta tariflərinin artmasına ehtiyac var, artırııq da. Hər il sığorta haqları təqribən 5-10% artır. Ümumiyyətlə, sığorta haqqı üzrə minimum məbləğ müəyyən edilməsi yaxşı olardı. Amma bu addım müştərilər tərəfindən mənfi qarşılanır. Ona görə də başqa üsullardan istifadə olunmalıdır"

 

Tənbəlliyə qarşı sığorta

Tibbi sığorta xərclərini azaltmaq üçün sığorta şirkətlərinin tətbiq edə biləcəyi və ya artıq tətbiq etdikləri başqa üsulların siyahısı genişdir. Bunlar sığorta daxilində bəzi xidmətlərə limit qoyulması, franşizaların tətbiqidir: "Məsələn, əvvəllər dərman təminatı limitsiz idi, indi isə artıq limit var. Bundan başqa,  franşizalar da tətbiq olunur"-deyə S.Quliyeva bildirir.

Bəzən isə tibbi sığortalar üzrə franşizaların tətbiqini müştərilər, yəni işçilərini sığortalatdıran şirkətlərin özləri istəyir: "Müəssisə bunun ona görə edir ki işçilər tibbi sığortadan sui-istifadə etməsinlər. Çünki bəzən işçilər işə getməmək üçün, özünü xəstəliyə vurmağa çalışır və özlərini tibbi müəssisələrinə yönəldirlər. Bunun qarşısını almaq üçün Avropa olduğu kimi, təqribən 10-20% arasında azadolma tətbiq olunur".

Doğrudan da, tibbi sığorta hadisələrinin sayı sığortalananların sayından 3 dəfə artıqdır. Belə ki, bu ilin 3-cü rübünün yekunlarına görə, ölkədə 48 364 müqavilə üzrə 140 190 nəfər sığortalanıb. Sığorta hadisələrinin sayı isə 410 644 olub. Başqa sözlə hər bir sığortalı şəxs müqavilə müddəti dövründə az 3 dəfə xəstəxanaya müraciət edib.    1

fins.az