“Bank Technique”ə Dubayda iki beynəlxalq mükafat təqdim edildi | Banco.az

“Bank Technique”ə Dubayda iki beynəlxalq mükafat təqdim edildi

“Bank Technique” ASC nüfuzlu beynəlxalq maliyyə nəşri “International Finance Magazine” tərəfindən Azərbaycanda "2013-cü ilin ən yaxşı internet bankı" (Best Internet Bank Azerbaijan 2013) və “2013-cü ilin ən innovativ bankı” (Most Innovative Bank Azerbaijan 2013) nominasiyalarında qalib adına layiq görülüb.Jurnal tərəfindən təsis edilən “Financial Awards” (Maliyyə üzrə mükafatlar) qalibləri beynəlxalq reytinq agentliklərinin çap edilmiş məlumatları əsasında redaksiya heyətinin daxili qərarı ilə müəyyən edilib.

Mükafatın təqdimetmə mərasimi cari ilin 18 dekabr tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilib. “Seçiminizə görə təşəkkürümüzü bildiririk və gələcəkdə də işimizdə innovasiyaları tətbiq edən Azərbaycanın ən qabaqcıl bank imicini qoruyub saxlamağa çalışacağıq. Biz daim xidmətlərimizin təkmilləşdirilməsi istiqamətində işləyir və öz təcrübəmizlə bölüşməyə hazırıq”, - mükafatın təqdimetmə mərasimində «Bank Technique»in Müşahidə Şurasının üzvü Rauf Ağayev deyib.

Ən sərfəli kredit üçün müraciət et

Mənzil-qərargahı Londonda yerləşən jurnal beynəlxalq maliyyə dairələri üçün xəbərlərin, analitik yazıların əsas mənbələrdən biri hesab edilir. Auditoriyası 150-dən artıq ölkəni əhatə edən elektron nəşrin ekspertləri ölkələrə dair illik hesabatlar hazırlayır, müxtəlif nominasiyalar üzrə reytinqlər tərtib edirlər. Nəşr tərəfindən təsis edilmiş “Financial Awards” mükafatı yüksək məhsuldarlıq və keyfiyyət nişanı kimi bank sahəsində də yüksək qiymətləndirilir. Maliyyə göstəriciləri ilə yanaşı qaliblərin müəyyən edilməsi zamanı korporativ sosial məsuliyyət layihələri, o cümlədən, xeyriyyəçilik, korporativ idarəetmənin yaxşılaşdırılması və qlobal miqyasda maliyyə birliyinə təsir göstərən digər amillər də nəzərə alınır.