2025-ci ildə mobil tətbiqlərə 85 milyard dollar xərclənib | Banco.az

2025-ci ildə mobil tətbiqlərə 85 milyard dollar xərclənib

Müəllif:Mehin Qasımova,Banco.az

Texnologiya bazarı üzrə araşdırma şirkəti Sensor Tower-in illik “Mobilin Vəziyyəti” hesabatına görə, süni intellekt tətbiqlərinin sürətli yayılması mobil bazarda mühüm dönüş nöqtəsi yaradıb.

Banco.az xəbər verir ki, ilk dəfə olaraq 2025-ci ildə qlobal miqyasda istifadəçilər oyunlardan daha çox mobil tətbiqlərə pul xərcləyiblər.

Hesabata əsasən, dünya üzrə istifadəçilər ötən il mobil tətbiqlərə 85 milyard dollar xərcləyib. Bu, əvvəlki illə müqayisədə 21 faiz artım deməkdir. Maraqlıdır ki, bu göstərici cəmi beş il əvvəlki rəqəmlərdən təxminən 2,8 dəfə çoxdur. Bu tendensiya indiyədək yalnız ABŞ kimi ayrı-ayrı bazarlarda və ya müəyyən rüblərdə müşahidə olunsa da, 2025-ci ildə ilk dəfə qlobal xarakter alıb.

Generativ süni intellekt gəlirləri kəskin artırdı

Hesabatda qeyd olunur ki, 2025-ci ilin əsas trendlərindən biri generativ süni intellekt olub. Məhz bu texnologiya mobil tətbiqlərin gəlirlərinin artmasında həlledici rol oynayıb. Süni intellekt kateqoriyasında tətbiqdaxili alışlardan əldə olunan gəlir üç dəfədən çox artaraq 5 milyard dolları ötüb.

Eyni zamanda, süni intellekt tətbiqlərinin yüklənmə sayı da illik müqayisədə iki dəfə artaraq 3,8 milyarda çatıb. Bu artımın əsas səbəblərindən biri istifadəçilər arasında süni intellektlə işləyən köməkçilərin sürətlə populyarlaşmasıdır. Belə ki, yükləmə sayına görə ən yaxşı 10 tətbiqin hamısı məhz bu kateqoriyaya aid olub.