ABŞ səyahət qadağası tətbiq etdiyi ölkələrin siyahısını genişləndirdi | Banco.az

ABŞ səyahət qadağası tətbiq etdiyi ölkələrin siyahısını genişləndirdi

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ administrasiyası Vaşinqtonda iki Milli Qvardiya üzvünün güllələnməsindən sonra tətbiq etdiyi səyahət qadağasına Suriya və Fələstin də daxil olmaqla daha beş ölkəni əlavə edib.

Banco.az xəbər verir ki,artıq "yüksək riskli" siyahıda olan 12 ölkədən - Əfqanıstan, Myanma, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəməndən gələn şəxslər üçün tam səyahət qadağası qüvvədə qalacaq.

Bu ölkələrdən əlavə, Suriya, Burkina Faso, Mali, Niger və Cənubi Sudan da səyahət qadağasına daxil edilib.

Fələstin Muxtariyyəti tərəfindən verilmiş səyahət sənədlərinə sahib olan şəxslər də tam səyahət məhdudiyyətlərinə və ABŞ-a giriş məhdudiyyətlərinə məruz qalırlar. Əvvəllər qismən məhdudiyyətlərə məruz qalan Laos və Syerra-Leone də tam səyahət qadağasına məruz qalan ölkələrin siyahısına əlavə edilib.

"Yüksək riskli" kateqoriyasına aid yeddi ölkə arasında olan Burundi, Kuba, Toqo və Venesuela vətəndaşları üçün qismən məhdudiyyətlər qüvvədə qalır. Suriyanın hələ də ciddi təhlükəsizlik təhdidləri yaratdığı üçün səyahə qadağasına məruz qaldığı bildirilib. Fələstində isə ABŞ tərəfindən "terror təşkilatları" kimi təyin edilən bəzi qrupların hələ də aktiv fəaliyyət göstərə bildiyi qeyd edilib. Qaydanın 2026-cı il yanvarın 1-dən qüvvəyə minməsi planlaşdırılır.