Rövnəq Abdullayev benzinin bahalaşmasından danışdı (VİDEO) | Banco.az

Rövnəq Abdullayev benzinin bahalaşmasından danışdı (VİDEO)

Benzinin qiymətinin bahalaşmasından 3 gün keçməsinə baxmayaraq, dövlət orqanları hələ də məsələyə aydınlıq gətirərək, artımı əsaslandırmağa çalışırlar. Artımı dəstəkləyən Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib ki, artımdan əldə olunan vəsait sosial layihələrin icrasına sərf ediləcək. Düzdür, Neft Şirkətinin qiymətin artırmağa birbaşa səlahiyyəti olmasa da, təkliflərini veribmiş. 

ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev: “Hətta mən razıydım ki, yüksək oktanlı benzinlərin qiyməti sərbəst buraxılsın. Bilirsiniz ki, 95, 98 markalı benzini bahalı maşınlar istifadə edir. Dövlət niyə böyük "Jeep" sürən və təkbaşına tıxac yaradan adamlara subsidiya verməlidir? Bunu buraxmalıyıq dünya qiymətinə olsun. Bilirsiniz, 98 markalı benzin bizdə istehsal olunmur, dünya qiymətinə satırıq”. 

Rövnəq Abdullayev yaxın vaxtlarda avro-3 stardartına keçiriləcəyini, lakin avro-4 və 5-in tətbiqi üçün ölkədə yeni emal zavodlarının tikilməsinin zəruri olduğunu qeyd edib. 

Gələn ildən Dövlət Neft Şirkəti özünə məxsus xam neftin ixracını tam dayandıracaq və həmin həcmi benzin istehsalına yönəldəcək. Bunu isə şirkətin emal üzrə vitse-prezidenti Davud Məmmədov bildirib. Onun sözlərinə görə, qərara səbəb avtomobillərin sayının artması nəticəsində ölkədə benzinə olan tələbatın çoxalmasıdır. Son illər tələbatın artım tempi hətta 10%-i ötüb. Bu il isə SOKAR neftin ixracını artıq azaldır və bunun nəticəsində daxili bazarda benzinə olan tələbat təmin olunur. Lakin eyni zamanda, mövcud benzin ehtiyatlarından da istifadə edilir. Nəticədə, Azərbaycanda benzin ehtiyatının həcmi cəmi 17 min tona enib ki, bu da orta hesabla təxminən daxili tələbatın 4 gün təmin edilməsinə kifayətdir. Dövlət Neft Şirkətindən bəyan edirlər ki, söhbət sadəcə qurumun özünün və onun birgə müəssisələrinin hasil etdiyi neftdən gedir. 

Həmçinin əvvəllər Bakı-Novorossiysk kəməri ilə ötürülən həcm də benzin istehsalına cəlb olunacaq. Amma beynəlxalq konsorsiumlar çərçivəsində çıxarılan və Bakı-Tiflis-Ceyhan kəməri ilə ötürülən qara qızılın həcminə heç bir təsir olmayacaq. 

Ən sərfəli kredit üçün müraciət et

Anspress

Ən sərfəli krediti almaq üçün müraciət et