Müəllif:Mehin Qasımova,Banco.az
Birləşmiş Ərəb Əmirlikləri vətəndaşların maliyyə yükünü azaltmaq üçün onların banklara olan borclarını silib.
Banco.az xəbər verir ki, ölkə üzrə 1435 Əmirlik vətəndaşının ümumilikdə 475,1 milyon dirhəm (təxminən 129,4 milyon dollar) borcu silinib.
Borcların silinməsi Defolt Borcların Həlli Fondu tərəfindən elan olunub və bu proses ölkənin 19 bank və maliyyə qurumu ilə imzalanmış xüsusi razılaşmalar əsasında mümkün olub.
Qərar Prezident Şeyx Mohamed bin Zayed Al Nahyanın göstərişləri və BƏƏ Prezident Aparatının sədri, vitse-prezident və baş nazirin müavini Şeyx Mansur bin Zayed Al Nahyanın nəzarəti altında icra edilib.
Fonddan bildirilib ki, proqramın əsas məqsədi maliyyə çətinliyi yaşayan vətəndaşlara dəstək göstərmək, onların rifahını qorumaq və sosial sabitliyi gücləndirməkdir. Borcların bağışlanması humanitar və tibbi səbəblərlə çətin vəziyyətdə olanlar, aztəminatlı şəxslər, vəfat etmiş borcalanların ailələri, təqaüdçülər və yaşlı vətəndaşlar daxil olmaqla geniş təbəqəni əhatə edir.
Hesabatlara görə, banklarla bağlanmış müqavilələr hər bir kredit üzrə hüquqi və tənzimləyici meyarlara əsaslanaraq aparılıb və əsas ehtiyac xərclərinə üstünlük verilib.
