Regionlarda kredit faizləri niyə yüksəkdir? – Səbəblər | Banco.az

Regionlarda kredit faizləri niyə yüksəkdir? – Səbəblər

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanın rayonlarında kredit faizləri Bakı ilə müqayisədə yüksəkdir. 1 noyabr tarixinə Bakıda verilmiş kreditlər üzə orta faiz dərəcəsi 12,72% təşkil edib. Regionlarda isə bu göstərici 14-20% arasında dəyişir. Bunun əsas səbəbləri nələrdir? Niyə regionlarda kreditlər daha bahadır?

Mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov Banco.az-a danışıb.

Onun sözlərinə görə, regionlarda kredit faizlərinin yuxarı olmasını şərtləndirən bir sıra faktorlar var:

"Bu, regionlarda iqtisadi və sosial mühitin nəticəsi olaraq ortaya çıxır. İlk növbədə nəzərə almaq lazımdır ki, regionlarda iqtisadiyyatın strukturu bu və ya digər şəkildə rəqabətli deyil. Yəni, kənd təsərrüfatı regional iqtisadiyyatın strukturunun əsasını təşkil edir. Bu sahədə risklər böyükdür. Sığorta sistemi bu istiqamətdə zəif əhatəlidir. Ailə təsərrüfatları sığorta sistemindən demək olar ki, istifadə etmirlər. Eyni zamanda, burada sığorta sistemindən istifadə edilsə belə, gəlirlər, yaxud da ixrac riskləri və s. bu kimi faktorlar sığortalanmır. Buna görə də risk yüksəkdir".

R. Həsənov qeyd edib ki, digər bir faktor kredit qaytarma qabiliyyətidir: "Regionlarda əməkhaqqı şəhərlərlə, xüsusilə də paytaxtla müqayisədə xeyli aşağıdır. Bu da kredit qaytarma qabiliyyətini zəiflətməklə risk səviyyəsini yüksəldir. Nəticədə bu, alqoritmlərin faizləri hesablayan zaman daha yüksək faizlər təklif etməsinə gətirib çıxarır.

Başqa bir məsələ isə burada girovla əlaqədardır. Regionlarda girovlar likvid deyil. Banklar daşınmaz əmlakı girov olaraq götürməkdən çəkinirlər. Çünki ucqar kəndlərdə kredit geri qayıtmadığı halda daşınmaz əmlak uzun müddət satıla bilmir, yaxud da ki, onu ümumiyyətlə satmaq mümkün olmur. Belə bir şərtlər daxilində girov qaytarılmayan krediti kompensasiya edə bilmir".

Ekspert bildirib ki, qeyd etdiyim bu səbəblər ümumilikdə regionlarda kredit vermə şərtlərini daha riskli edir və onun geri dönüşü ilə əlaqədar çətinlikləri artırır: "Dolayısı ilə kredit faizləri bu faktorlar fonunda daha yüksək olaraq müəyyən edilir. Düzdür, müxtəlif mexanizmlər vasitəsilə bunun təsirlərinin zəiflədilməsinə çalışırlar. Aqrar kredit, kreditlərə dövlət zəmanətinin verilməsi, faizlərin bir qisminin subsidiyalaşdırılması mexanizmi yaradılıb. Amma bütövlükdə götürəndə bu alətlərin əhatə dairəsi çox kiçikdir və bu səbəblə mövcud portfel üzrə kredit faizləri daha yüksəkdir".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram