Müəllif: Tamara Mustafayeva, Banco.az
Beynəlxalq kredit reytinq agentliyi “Moody's” Böyük Britaniyanın kredit reytinqini təsdiqləyib, İtaliyanın isə reytinqini yüksəldib.
Banco.az xəbər verir ki, “Moody’s” Böyük Britaniyanın uzunmüddətli yerli və xarici valyuta kredit reytinqini "Aa3", reytinq proqnozunu isə "sabit" olaraq təsdiqləyib.
Açıqlamada bildirilib ki, Böyük Britaniyanın yerli və xarici valyutada uzunmüddətli kredit reytinqi “Aa3” səviyyəsində təsdiqlənib.
Ölkənin reytinq proqnozunun isə “sabit” olaraq saxlandığı qeyd edilən açıqlamada reytinqin təsdiqinin Böyük Britaniyanın zəngin və diversifikasiya olunmuş iqtisadiyyatı, həmçinin güclü institusional strukturu başda olmaqla mühüm kredit üstünlüklərini əks etdirdiyi vurğulanıb.
Açıqlamada həmçinin qeyd olunub ki, hökumətin qarşıdakı illərdə böyük büdcə kəsirini azaltmaq və dövlət borcunun ÜDM-ə nisbətini sabitləşdirmək istiqamətində öhdəliyi də reytinq qərarını dəstəkləyən amillər arasındadır.
Bundan əlavə, açıqlamada “sabit” görünüşün ölkə reytinqinin əsas müəyyənedici faktorları olan iqtisadi və maliyyə görünüşünə dair risklərin ümumilikdə balanslı olduğunu göstərdiyi bildirilib.
İtaliyanın kredit reytinqi yüksəldildi
Digər tərəfdən, “Moody’s” İtaliyanın uzunmüddətli kredit reytinqini “Baa3”dən “Baa2”yə yüksəldib və reytinq proqnozunu “müsbət”dən “sabit”ə dəyişib.
Kredit reytinq agentliyinin açıqlamasında qeyd olunub ki, reytinq artımı iqtisadi və mali islahatların tətbiqi, eləcə də investisiyaların səmərəliliyini artıran ardıcıl siyasi və idarəetmə sabitliyi ilə bağlıdir.
Açıqlamada bildirilib ki, İtaliyanın yüksək dövlət borcu yükünün 2027-ci ildən etibarən tədricən azalacağı gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!
