“Şahdəniz” yatağı üzrə xərclər 10%-ə yaxın artıb | Banco.az

“Şahdəniz” yatağı üzrə xərclər 10%-ə yaxın artıb

Bu ilin üç rübü ərzində Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağı üzrə fəaliyyətlərə təxminən 2 592 mln. ABŞ dolları xərclənilib, bu da illik müqayisədə 9,7% artım deməkdir.

Bu barədə  BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin ilk doqquz ayıının nəticələrinə həsr olunmuş hesabatında qeyd edilib.

    Məlumata görə, hesabat dövründə “Şahdəniz” fəaliyyətlərə təxminən 1 milyard 836 milyon dollar əməliyyat xərcləri və təxminən 756 milyon dollar əsaslı xərclər çəkilib. Bu xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aid olub.

    “Üçüncü rüb ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam edib”, - hesabatda qeyd olunur.

    Bildirilir ki, ilin ilk doqquz ayında yataqdan ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 21 milyard standart kubmetr qaz və təxminən 3 milyon ton (təqribən 24 milyon barel) kondensat hasil edilib. Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə təxminən 75,7 milyon (ildə təqribən 27,6 milyard) standart kubmetrdir.

    Hesabata əsasən, 2025-ci ilin üçüncü rübündə “Şahdəniz-2” layihəsi çərçivəsində qərb-cənub cinahında qalan quyularda sualtı işlər üzrə fəaliyyətlər davam etmişdir.
    “Xankəndi” sualtı tikinti gəmisi hazırda istismarda olan bütün “Şahdəniz-2” və AÇG sualtı hasilat obyektlərinə texniki xidmət, yoxlama və müdaxilə ilə bağlı ümumi işlərə dəstək verməyə davam edib.. Rüb ərzində gəminin ümumi yoxlama və texniki xidmət işləri, o cümlədən yan hərəkəti tənzimləyən qurğunun təmiri üçün quru doka daxil olmasına hazırlıq işləri başlamışdır. Xankəndi gəmisi quru dokda olduğu müddətdə əməliyyatların davamlılığını təmin etmək məqsədilə ilk çağırış gəmisi kimi “Tofiq İsmayılov” dalğıc gəmisindən istifadə olunacaq.

    “Şahdəniz-2” layihəsi çərçivəsində görülən işlər Xənkəndi gəmisinin əsas iş həcmi olmaqda davam edir. Burada əsas diqqət layihə üzrə qalan quyuların təhvil verilməsinə yönəlib. Gəmidən və qazma qurğularından səmərəli istifadəni təmin etmək məqsədilə fəaliyyətlərin optimallaşdırılması və quyuların işə salınması müddətinin sürətləndirilməsi üçün inteqrasiya olunmuş qrafikin tətbiqi davam edir.