Müəllif: Tamara Mustafayeva, Banco.az
Texnologiya dünyası sürətlə rəqəmsallaşarkən, “Google” Yaponiya bu dəfə keçmişə qayıdaraq diqqətçəkən bir təcrübə təqdim edir.
Banco.az xəbər verir ki, şirkətin ən yeni layihəsi — Gboard Dial versiyası ənənəvi QWERTY klaviatura düzülüşünü bir sıra fırlanan kadranlarla (rulonvari çevirmə diskləri ilə) əvəzləyir. İstifadəçilər köhnə telefonlarda olduğu kimi, barmaqlarını kadranın üzərinə qoyur, istədikləri hərfə qədər çevirir və buraxaraq yazılarını formalaşdırırlar.
Bu nostalji yenilik təkcə bir texnoloji məhsul deyil, həm də yaradıcılıq təcrübəsidir. Satışa çıxarılmayan Gboard Dial versiyası tamamilə açıq mənbə kimi hazırlanıb. Bütün dizayn sxemləri, 3D modellər və proqram faylları ictimaiyyətə açıqdır. Yəni istəyən hər kəs öz Gboard Dial klaviaturasını evdə hazırlayıb sınaqdan keçirə bilər.
Klaviatura həm funksional, həm də əyləncəli detalları ilə fərqlənir. Hər kadran— hərflərdən tutmuş durğu işarələrinə qədər — müxtəlif funksiyalar yerinə yetirir. Çevirərkən çıxan klassik “klik” səsi bu mexaniki hissi yaradır, sensorlar isə onu rəqəmsal toxunuş kimi qeyd edir. Dizayn tək kadranlı minimalist versiyadan tutmuş doqquz cadranlı tam klaviatura düzülüşünə qədər fərdi zövqlərə uyğunlaşdırıla bilər.
“Google” Yaponiyanın yumor dolu yanaşması da layihəyə fərqli bir çalar qatır. Şirkət bu təcrübə ilə yanaşı, “telefon yuvası” adını verdiyi yeni bir siçan prototipini də təqdim edib. Bu aksesuar video zəngi bitdikdə veb-kameranı avtomatik şəkildə söndürür.
Bizi sosial şəbəkələrdən izləyin!!
