ABŞ Rusiya neftindən qazanc əldə edən Hindistanlı varlıları hədəfə alıb | Banco.az

ABŞ Rusiya neftindən qazanc əldə edən Hindistanlı varlıları hədəfə alıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Maliyyə naziri Skott Bessent Hindistanın ən zəngin ailələrindən bəzilərinin Rusiya xam nefti alışından fayda əldə etdiyini iddia etməklə yanaşı, Hindistana qarşı gömrük tariflərini artırmaq planlarını da təkrarlayıb.

Banco.az xəbər verir ki, Bessent sanksiyalar altındakı Rusiya neftini aldıqları üçün Hindistana qarşı əlavə tarifləri artırmağı planladıqlarını bildirərək çərşənbə axşamı verdiyi müsahibədə vurğulayıb ki, Rusiyanın 2022-ci ildə Ukraynanı işğal etməsindən əvvəl Hindistanın neft idxalının 1 faizindən azı Rusiyadan gəlirdisə, indi bu rəqəm 42 faizə yüksəlib. O, Hindistanın “fürsətdən istifadə etdiyini” qeyd edib.

Bessent həmçinin Hindistanın ən varlı ailələrindən bəzilərinin bu nefti yenidən satdıqlarını da əlavə edib.

Onun son açıqlamaları ABŞ Prezidenti Donald Tramp administrasiyasının Hindistana və dolayı yolla Asiyanın ən zəngin milyarderi Mukeş Ambaniyə təzyiqi artırdığını göstərir. Ambaniyə məxsus “Reliance Industries Ltd.” Qərbi Hindistanda dünyanın ən böyük neft emalı kompleksini idarə edir və Rusiya xam neftini alan şirkətlər arasında yer alır.

Həftənin əvvəlində isə Ağ Evin ticarət müşaviri Piter Navarro Financial Times-da dərc olunan köşə yazısında Cənubi Asiya ölkəsinin neft sahəsindəki zənginlərini və onların hökumətlə olan əlaqələrini hədəf almış, alışların artımını “fırsatçılıq” kimi dəyərləndirmişdi.

Tramp Hindistanın ABŞ-a ixracına tətbiq olunan vergiləri 50 faizə qaldırmaqla hədələyir. Bu, hər hansı bir ölkənin məhsullarına tətbiq edilən ən yüksək vergilərdən biri olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram