Müəllif: Tamara Mustafayeva, Banco.az
Hindistan Xarici İşlər Nazirliyi Çin Xarici İşlər naziri Vanqın Hindistana səfəri ilə bağlı yazılı açıqlama yayıb.
Banco.az xəbər verir ki, açıqlamaya görə, iki nazir Çin materiki ilə Hindistan arasında 5 il əvvəl dayandırılmış birbaşa uçuşların yenidən bərpası barədə bir daha razılığa gəlib. Eyni zamanda, hər iki ölkə turist, işgüzar, mətbuat və digər ziyarətçi vizalarında qarşılıqlı asanlıq göstərmək barədə də anlaşmaya varıb.
Bundan başqa, nazirlər 5 ildən sonra müəyyən edilmiş 3 məntəqədən sərhəd ticarətinin yenidən bərpa olunması və iki ölkə arasında ticarət və investisiya axınının təşviq edilməsi barədə razılığa gəliblər.
Çin və Hindistan arasında Himalay dağ silsiləsi ilə əhatələnən qeyri-müəyyən sərhəd xətti suverenlik mübahisələrinə səbəb olur.
İki ölkə arasında Himalaylardakı mübahisəli sərhəd xəttində 2020-ci ildə baş verən toqquşma ilə pik həddə çatan gərginliyin həlli üçün aparılan danışıqlar ötən il əldə edilən razılaşma ilə nəticələnmişdi.
Tərəflər 22 oktyabr 2024-cü ildə iki ölkə arasındakı müvəqqəti sərhədi təşkil edən Faktiki Nəzarət Xəttinin (FNX) Ladax bölgəsində qarşılıqlı patrul fəaliyyətlərinin tənzimlənməsi barədə razılığa gəldiklərini açıqlamışdılar.
Daha sonra, fevral ayında iki ölkə arasında 5 ildən sonra birbaşa uçuşların yenidən başlaması barədə razılıq əldə olunmuşdu.
Bizi sosial şəbəkələrdən izləyin!!