Elman Rüstəmov: ölkəmizdə istehlak kreditinin səviyyəsi yüksək olaraq qalır | Banco.az

Elman Rüstəmov: ölkəmizdə istehlak kreditinin səviyyəsi yüksək olaraq qalır

MDB-yə üzv dövlətlərin VI Bakı Beynəlxalq bank konfransı çox mühüm tədbirdir. Konfrans dünya maliyyə böhranının davam etdiyi bir dövrdə bank sektorunda görüləcək işləri, inkişaf perspektivlərini, bu baxımdan Azərbaycanla eyni vəziyyətdə olan ölkələrdə, MDB məkanında gedən prosesləri izləmək və birlikdə müzakirə etmək üçün yaxşı bir məkandır. Həmçinin konfransda yüksək səviyyəli beynəlxalq ekspertlərin, xüsusən Dünya bankının keçmiş prezidenti Robert Zelikin çox maraqlı çıxışları olmuşdur. Bank sektorunda yaşanan problemlər, ayrı-ayrı ölkələrin bank sektorları və onların requlyatorları haqqında məlumatlar, həmçinin konfrans çərçivəsində aparılan təcrübə mübadiləsi olduqca faydalıdır.
Bu sözləri jurnalistlərə müsahibəsində Mərkəzi Bankın sədri Elman Rüstəmov demişdir.
Elman Rüstəmov bildirmişdir ki, maliyyə sektorunda inteqrasiya prosesləri çox aktualdır. Azərbaycan MDB məkanında inteqrasiya proseslərinə öz milli mənafeləri, milli qanunları, milli maraqlarının üstünlüyü kontekstindən baxır, bu prosesdə faydalı nə varsa, onlardan istifadə etməyə çalışır.
Banklarda komissiyon və ipoteka istiqamətində tənzimləmə mexanizmi haqda danışan Elman Rüstəmov qeyd etmişdir ki, bu sahədə işlər çoxdan başlanmışdır və banklarla aktiv dialoq aparılır. Bu məsələlər artıq Mərkəzi Bankın İdarə heyətində müzakirə olunmuşdur. Son dövrdə əhalinin maliyyə savadlılığını artırmaq istiqamətində də işlər görülür. Bu məqsədlə Mərkəzi Bankın saytı nəzdində maliyyə savadlılığı portalı yaradılır.
Mərkəzi Bankın sədri vurğulamışdır ki, ölkəmizdə istehlak kreditinin səviyyəsi yüksək olaraq qalır. Dünyanın inkişaf etmiş ölkələrində də belədir. Bu, risklərin böyük olmasından irəli gəlir. Milli Məclisdə də bu məsələlər müzakirə olunarkən bildirilmişdir ki, istehlak kreditlərinə və ipotekaya olan tələb çox yüksəkdir.
Elman Rüstəmov demişdir ki, istərdik yaxın gələcəkdə biznes kreditlərə də tələbat belə yüksək olsun, banklar müştəriləri axtarsınlar. Əsasən də kiçik və orta biznesmenləri sayının artırılmasında maraqlı olsunlar. Bu iki şərtlə mümkündür - resursların çoxluğu və onların ucuzluğu. Mərkəzi Bankın yaxın gələcəkdə həllinə nail olmağa çalışacağı məsələlərdən biri də budur.

Ən sərfəli kredit üçün müraciət et

azertag.com