Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ Federal Ehtiyat Sistemi (FED) may iclasında faiz dərəcələrini dəyişməyib.
Banco.az xəbər verir ki, iki gün davam edən iclasdan sonra ABŞ Federal Ehtiyat Sistemi (Fed) əsas faiz dərəcəsini dəyişməyərək 4,25–4,50% aralığında saxlayıb.
Bloomberg tərəfindən keçirilən sorğuda iştirak edən iqtisadçıların orta gözləntisi də məhz bu faiz aralığının qorunacağı yönündə idi.
Fed rəsmiləri ardıcıl üçüncü dəfə faiz dərəcələrini sabit saxlayarkən, həm inflyasiyanın yüksəlməsi, həm də işsizliyin artması riskinə diqqət çəkdilər.
Qərar mətnində belə deyilir: “İqtisadi mənzərəyə dair qeyri-müəyyənlik daha da artıb. Komitə, ikili mandatının hər iki istiqaməti üzrə – həm məşğulluq, həm də qiymət sabitliyi ilə bağlı – riskləri nəzərə alır və həm yüksək inflyasiya, həm də artan işsizlik risklərinin mövcudluğunu qiymətləndirir.”
Qərar yekdilliklə qəbul olunub.
İşsizlik hələ də aşağı səviyyədə qalmaqda davam etdiyi və tələbin sabit olduğu şəraitdə Fed rəsmiləri, iqtisadiyyatın hansı istiqamətdə irəlilədiyini daha dəqiq görə bilmədən faiz dərəcələrinə toxunmayacaqlarını bəyan ediblər.
Bizi sosial şəbəkələrdən izləyin!!