Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqının (Aİ) qaza tələbatın azaldılması üzrə tədbirləri təbii qaz idxalının azalması ilə nəticələnib.
Banco.az xəbər verir ki, Enerji İqtisadiyyatı və Maliyyə Təhlili İnstitutunun (IEEFA) yayımladığı məlumatlara görə, Avropa İttifaqı ölkələri 2021–2024-cü illər arasında qaz istehlakını 20% azaldaraq, qaz və LNG idxalını ümumilikdə 18% aşağı salıblar.
Bu ilin birinci rübündə Rusiya qazının Ukrayna üzərindən nəqlinin dayanmasına baxmayaraq, Aİ-nin LNG idxalı artıb. Lakin ümumi qaz və LNG idxalı ötən ilin eyni dövrü ilə müqayisədə sabit qalıb, 2023-cü ilin birinci rübü ilə müqayisədə isə 1% azalıb.
IEEFA enerji analitiki Ana Maria Jaller-Makareviç bildirib ki, Aİ ölkələri qaz istehlakını azaltmaqla, idxal mənbələrini diversifikasiya etməklə, qaz axın istiqamətlərini dəyişdirməklə və bərpa olunan enerji sərmayələrini artırmaqla enerji təhlükəsizliyini gücləndirməyə çalışır.
Ana Maria Jaller-Makareviç əlavə edib:
“Əgər Aİ qaz istehlakını azaltma siyasətini davam etdirərsə, əlavə qaz infrastrukturuna və ya artan idxala ehtiyac duymadan tələbatı qarşılaya bilər.”
Bizi sosial şəbəkələrdən izləyin!!