Müəllif: Tamara Mustafayeva, Banco.az
Serbiya prezidenti Aleksandar Vuciç ABŞ-ın ölkənin neft sektoruna qarşı sanksiyaları daha iki ay təxirə saldığını açıqlayıb.
Banco.az xəbər verir ki, Serbiya Prezidenti Aleksandar Vuçiç sosial media hesabında etdiyi paylaşımda bildirib ki, ABŞ Rusiyanın "Gazprom Neft" şirkətinin idarə etdiyi Serbiya Neft Sənayesi (NIS) şirkətinə qarşı sanksiya qərarının tətbiqini daha 2 ay – 27 iyun tarixinədək – təxirə salıb.
ABŞ rəhbərliyinə anlayış göstərdiyi üçün təşəkkür edən Vuçiç qeyd edib: "Serbiya vətəndaşları üçün yaxşı xəbərdir. NIS üçün yeni bir təxirəsalma qərarı əldə etdik, bu dəfə 2 ay müddətinə."
Onu da qeyd edək ki, Vuçiçin yeni açıqlaması ilə ABŞ-ın sanksiyaları ümumilikdə 4 ay müddətinə təxirə salınmış oldu.
ABŞ Maliyyə Nazirliyi yanvarın 10-da verdiyi açıqlamada bildirmişdi ki, Rusiyanın enerji sektorundan əldə etdiyi gəlirləri azaltmaq məqsədilə G7 öhdəliklərini yerinə yetirmək üçün geniş tədbirlər görülüb və Rusiyanın iki əsas neft istehsalçısı və ixracatçısı olan "Gazprom Neft" və "Surgutneftegas" şirkətləri, həmçinin onların törəmə müəssisələri sanksiya siyahısına salınıb.
"Gazprom Neft" şirkətinin törəmə müəssisələrindən biri olan NIS də sanksiya siyahısına daxil edilmişdi.
Serbiya isə NIS üçün ABŞ-ın tələb etdiyi dəyişikliklərin həyata keçirilməsi üçün zamana ehtiyac duyduqlarını bildirmiş və təxirəsalma istəyində bulunmuşdu. Vuçiç fevral və mart aylarında sanksiyaların hər dəfə 30 gün müddətinə təxirə salındığını açıqlamışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!