Püstəyə tələbat artdı - Dubay şokoladı qlobal böhrana səbəb oldu | Banco.az

Püstəyə tələbat artdı - Dubay şokoladı qlobal böhrana səbəb oldu

Sosial mediada yayılan dəbdəbəli şokolad bütün dünyada püstə qıtlığına səbəb olub.

Banco.az xəbər verir ki, TikTok videoları vasitəsilə məşhurlaşan Dubay şokoladı hətta ABŞ və İran kimi nəhəng istehsalçılara da təsir edən tələb partlayışına səbəb olub.

Yaşıl kremli püstə içliyi ilə diqqət çəkən şokolad çubuğu sosial mediada paylaşılan videolar sayəsində inanılmaz populyarlıq qazanıb. Dubay şokoladı ləqəbli bu bahalı deserti tərifləyən ilk video 2023-cü ilin sonunda yayımlandı və indiyədək 120 milyon dəfədən çox baxılıb. Sonrakı saysız-hesabsız videolar onun təsirini daha da artırdı.

Nəticədə şokoladın əsas tərkib hissəsi olan püstə bütün dünyada qıtlığa səbəb olub. Bu püstələr əsasən ABŞ və İranda yetişdirilir. Fındıq şirkəti CG Hacking-də işləyən Giles Hacking Financial Times-a bildirib ki, püstə qiyməti bir funt üçün 7,65 dollardan 10,30 dollara yüksəlib.

Keçən il ABŞ-da məhsul az olduğu üçün artıq püstə çatışmazlığı yaranmışdı. Dünyanın ən böyük ixracatçısı olan ABŞ-da bu il daha keyfiyyətli, lakin daha az məhsul olub. Bu yüksək keyfiyyətli püstələr adətən qabıqlarında satıldığı üçün şokolad istehsalında istifadə edilən püstədə ciddi çatışmazlıq yaranıb.

İran istehsalçıları Birləşmiş Ərəb Əmirliklərinə mart ayına qədər olan altı ayda əvvəlki 12 aya nisbətən 40% çox püstə ixrac ediblər.