H&M gözlənilmədən kvartal üzrə xalis mənfəətini iki dəfədən çox azaldıb | Banco.az

H&M gözlənilmədən kvartal üzrə xalis mənfəətini iki dəfədən çox azaldıb

Müəllif - Fərid İslamov - banco.az

 Avropanın ikinci ən böyük geyim mağazaları şəbəkəsinə sahib olan İsveçin Hennes & Mauritz AB (H&M), birinci maliyyə rübündə xalis mənfəətini gözlənilmədən iki dəfədən çox azaldıb.

28 martda başa çatan rüb üçün H&M-in xalis mənfəəti 590 milyon İsveç kronu (58,7 milyon dollar) təşkil edib ki, bu da əvvəlki ilin eyni dövründəki 1,24 milyard kronla müqayisədə əhəmiyyətli azalmadır.

Kvartal üzrə gəlir H&M üçün 3% artaraq 55,33 milyard kron olub. Şirkətin fəaliyyət göstərdiyi ölkələrin valyutaları ilə bu göstərici 2% artıb.

FactSet tərəfindən sorğulanan ekspertlər orta hesabla pərakəndə satış şirkətinin xalis mənfəətini 1,28 milyard kron, gəlirini isə 55,86 milyard kron səviyyəsində proqnozlaşdırırdılar.

Keçən maliyyə rübündə Cənubi Avropada gəlir 7%, Şərqi Avropa, Qərbi Avropa, Şimali və Cənubi Amerikada isə 4% artıb. Şimali Avropada, həmçinin Asiya, Afrika və Okeaniyada satışlar isə 1% azalıb.

Mart ayında şirkət, valyuta məzənnələrindəki dəyişikliklər nəzərə alınmadan illik ifadədə satışların 1% artacağını gözləyir.