Müəllif - Fərid İslamov - Banco.az
Əvvəllər neft hasilatında könüllü azalmalar elan etmiş OPEC+ koalisiyasına üzv ölkələr, aprel ayından etibarən hasilatı tədricən artırmağa başlayacaqlar. Bu barədə OPEC-in məlumatında deyilir.
Səudiyyə Ərəbistanı, Rusiya, İraq, BƏƏ, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman nümayəndələri 3 mart tarixində keçirilən konfrans zəngində bu qərarı qəbul ediblər. Görüşdə bazarın cari vəziyyəti və onun perspektivləri dəyərləndirilib.
"Bazarın sağlam vəziyyəti və onun müsbət perspektivlərinə dair proqnozlar nəzərə alınaraq, onlar (görüş iştirakçıları - İF) 5 dekabr 2024-cü ildə razılaşdırılmış qərarı təsdiqlədilər. Bu qərara əsasən, 1 aprel 2025-ci ildən etibarən könüllü olaraq azaldılmış 2,2 milyon barel/gün həcmində neft hasilatının tədricən bərpasına başlanılacaq," - məlumatda qeyd olunur.
Eyni zamanda, alyansın hasilatı artırma siyasətinin çevik olaraq qaldığı vurğulanır: "Tədricən artırma prosesi bazar şərtlərindən asılı olaraq dayandırıla və ya ləğv edilə bilər. Bu, alyansa neft bazarlarında sabitliyi dəstəkləməyə davam etmək imkanı verəcək."