Azərbaycanda sənaye istehsalı azalıb | Banco.az

Azərbaycanda sənaye istehsalı azalıb

Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən bu ilin yanvar-fevral aylarında 10,7 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 % az sənaye məhsulu istehsal edilib.

Bu barədə  Dövlət Statistika Komitəsi xəbər verir.

Bildirilib ki, neft-qaz sektorunda məhsul istehsalı 3,2 % azalıb, qeyri neft-qaz sektorunda isə 6,7 % artıb.

Sənaye məhsulunun 60,9 %-i mədənçıxarma sektorunda, 31,8 %-i emal sektorunda, 6,4 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,2 % azalıb, əmtəəlik qaz hasilatı isə 0,1 % artıb.

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 88,1 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 47 %, kompüter, elektron və optik məhsulların istehsalı 27,8 %, maşın və avadanlıqların istehsalı 22,4 %, toxuculuq sənayesi məhsullarının istehsalı 21,8 %, əczaçılıq məhsullarının istehsalı 21,4 %, neft məhsullarının istehsalı 15,6 %, kimya sənayesi məhsullarının istehsalı 11,4 %, qida məhsullarının istehsalı 10,7 %, içkilərin istehsalı 5,4 %, elektrik avadanlıqlarının istehsalı 5,2 % artıb, rezin və plastik kütlə məmulatlarının istehsalı 3,6 %, mebel istehsalı 5,7 %, metallurgiya sənayesi məhsullarının istehsalı 5,9 %, hazır metal məmulatlarının istehsalı 9 %, tikinti materiallarının istehsalı 12,3 %, tütün məmulatlarının istehsalı 25,4 %, kağız və karton istehsalı 32,2 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 35,1 %, geyim istehsalı 39,8 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 41,5 %, poliqrafiya məhsullarının istehsalı isə 60,1 % azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,1 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,3 % artıb.