Müəllif: Gülnar Əhmədli, Banco.az
Son illərdə süni intellekt texnologiyaları sürətlə inkişaf edərək iş dünyasında mühüm yer tutmağa başlayıb. Bu alətlər fərdi istifadəçilərə sürətli və effektiv cavablar verməklə yanaşı, şirkətlərə biznes proseslərini daha səmərəli etməyə kömək edir. Xüsusilə ChatGPT bu transformasiyada aparıcı süni intellekt vasitələrindən biri kimi seçilir.
“DeskTime” tərəfindən 2023-cü ilin yanvarından 2024-cü ilin dekabrına qədər aparılan araşdırmaya görə, ChatGPT iş dünyasında ən çox istifadə edilən süni intellekt vasitəsidir. 97 fərqli şirkətdən 2385 işçinin iştirak etdiyi araşdırma 2024-cü ilin dekabrına qədər ChatGPT-nin dünyadakı ofislərin 75,9%-də aktiv şəkildə istifadə edildiyini ortaya çıxarıb. Süni intellekt texnologiyalarına ən çox maraq göstərən ölkələrdən biri də Hindistan olub. Ölkədə ChatGPT istifadə nisbəti 92 faizə çataraq pik həddə yüksəlib.
Bunun əksinə olaraq, böyük texnologiya şirkətlərinin yerləşdiyi ABŞ-də ChatGPT-nin istifadə tempi nisbətən yavaşdır. 2023-cü ildə 68% olan istifadə nisbəti 2024-cü ildə 72%-ə yüksəlsə də, qlobal miqyasda müşahidə edilən sürətli artımla müqayisədə bu artım qənaətbəxş deyil.
Şirkətlər üçün seçimdən çox zərurət halına gələn ChatGPT iş dünyasında rəqəmsal transformasiyanın ən vacib elementlərindən biri olaraq mövqe tutur.
Bizi sosial şəbəkələrdən izləyin!!