Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen batareya istehsalçılarına birbaşa dəstək verəcəklərini və tədricən batareya hüceyrələri və komponentləri üçün Avropa məzmunu tələbini tətbiq edəcəklərini söyləyib.
Banco.az xəbər verir ki, Fon der Leyen Brüsseldə keçirilən Avropa avtomobil sənayesinin gələcəyinə dair strateji dialoq iclasından sonra mətbuata açıqlamalar verib.
Avropanın avtonom sürüş üçün proqram təminatı və avadanlıq sahəsində böyük bir sıçrayışa ehtiyac duyduğunu bildirən fon der Leyen bu sahədə qlobal miqyasda rəqabətin olduğunu və sürətli hərəkət etməli olduqlarını vurğulayıb.
O, avtonom sürüş texnologiyaları sahəsində müxtəlif şirkətlərin resurslarını birləşdirəcəyi bir "sənaye ittifaqı" yaradaraq bu sahəyə dəstək verəcəklərini bildirib.
Şirkətlərin proqram təminatı, çip və avtonom sürüş texnologiyaları inkişaf etdirəcəyini qeyd edən fon der Leyen Aİ-nin isə sınaq və quraşdırma qaydalarını təkmilləşdirəcəyini və avtonom sürüş üçün genişmiqyaslı testlərin həyata keçirilməsinə kömək edəcəyini qeyd edib.
O, "Məqsədimiz çox açıqdır. Avtonom nəqliyyat vasitələrini Avropa yollarına daha sürətlə çıxarmalıyıq," – deyə bildirib.
Görüşdə təmiz mobilliyə keçidin də müzakirə edildiyini bildirən fon der Leyen, "Avtomobil sektorunun karbon hədəfləri ilə bağlı daha çox çeviklik tələb etdiyi açıq şəkildə görünür," – deyə əlavə edib.
Bizi sosial şəbəkələrdən izləyin!!