İlon Mask super milyarderlər reytinqində liderdir | Banco.az

İlon Mask super milyarderlər reytinqində liderdir

Müəllif:Mehin Qasımova/Banco.az

Dünyanın hər yerindən cəmi 24 nəfərin daxil olduğu super milyarderlər siyahısına ABŞ Hökumətin Səmərəliliyi İdarəsinin (DOGE) rəhbəri İlon Mask başçılıq edir.

Banco.az xəbər verir ki, bu barədə  Altrata analitik şirkətinin məlumatında qeyd edilib.

Məlumatda bildirilib ki, bu gün hər birinin ən azı 50 milyard dollar sərvətinə sahib olduğu təxmin edilən super-milyarderlərin yeni kateqoriyasının meydana çıxmasından danışmaq olar. Altrata bu siyahıya dünyanın hər yerindən 24 nəfəri daxil edib. Reytinqin ilk pilləsində SpaceX, Tesla və X şirkətlərinin rəhbəri İlon Mask 419,4 milyard dollar sərvətlə qərarlaşıb. Onun ardınca Amazon onlayn pərakəndə satış şirkətinin qurucusu Ceff Bezos (263,8 milyard dollar), lüks nəhəng LVMH-nin sahibi Bernard Arnault (238 milyard dollar) və  Meta Korporasiyasının baş direktoru Mark Zukerberq  (220,8 milyard dollar) gəlir.

Altratanın hesablamalarına görə, ümumilikdə dünyanın 24 ən varlı adamının payı 3,3 trilyon dollar təşkil edir ki, bu da Fransanın nominal ÜDM-i ilə müqayisə oluna bilər. Siyahıda yer alan 16 nəfərin sərvəti 100 milyard dolları ötür. Üstəlik, 19-cu əsrdə və 20-ci əsrin əvvəllərində ən varlı adamlar sənayeçi idisə, indiki super milyarderlərin çoxu öz kapitallarını texnologiya sektorunda çalışaraq qazanırlar.